Azərbaycan və Türkiyə sığortaçıları arasında konfrans keçirilib
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Türkiyə Sığorta Birliyinin (TSB) rəhbər heyəti arasında zoom-konfrans keçirilib.
“ENA”nın Assosiasiyaya istinadən verdiyi məlumata görə, görüşdə iki qardaş ölkə arasında sığorta sahəsində qurulmuş əməkdaşlıq çərçivəsində ilk mərhələdə həyata keçiriləcək fəaliyyət planı müzakirə olunub.
ASA-nın Müşahidə Şurasının sədri Azər Əliyev Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı əməkdaşlıq münasibətlərinin sığorta sahəsində də təmin olunduğundan məmnunluğunu bildirib. O, ötən ilin dekabr ayında iki qurum arasında imzalanmış rəsmi Memorandum çərçivəsində qurulan əməkdaşlığın hər iki ölkənin sığorta bazarı üçün səmərəli olacağını vurğulayıb.
TSB-nin sədri Atilla Benli də bu əməkdaşlığı yüksək qiymətləndirdiyini və növbəti mərhələdə münasibətlərin dinamik formada təmin edilməsində maraqlı olduğunu qeyd edib. O, qardaş ölkənin sığorta requlyatorunun sədri Azərbaycanda sığorta sahəsində Türkiyə təcrübəsinin tətbiq olunması üçün qurum olaraq bütün imkanlarını səfərbər edəcəklərini bildirib.
ASA-nın İcraçı direktoru Elmar Mirsalayev qurulmuş əməkdaşlıq çərçivəsində fəaliyyət planının ən tez zamanda tərtib olunmasını zəruri hesab etdiyini vurğulayıb. O, imzalanmış memoranduma əsasən ilk mərhələdə kadr və təcrübə mübadiləsinin həyata keçirlməsinin uğurlu ola biləcəyini qeyd edib.
TSB-nin İcraçı direktoru Özgür Obalı azərbaycanlı sığortaçıların Türkiyədə təcrübəyə cəlb olunması ilə bağlı bütün lazımi addımları ata biləcəklərini bildirib.
ASA ilə TSB-nin rəhbər heyəti, hər iki ölkədə COVID-19 pandemiyası səbəbilə həyata keçirilən vaksinasiya proseslərindən sonra canlı görüşlərin keçirilməsi ilə bağlı razılığa gəlib.