Paşinyan hələ də Ermənistanda ən populyar siyasətçidir – RƏY SORĞUSU
GALLUP International Association" şirkətinin Ermənistan bölməsi yeni rəy sorğusu keçirib.
ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, rəy sorğusunun nəticələrinə görə, baş nazir Nikol Paşinyan hələ də ən populyar siyasətçi olaraq qalır. Respondentlərə siyasətçiləri şkala üzrə 1-dən 5-ə qədər siyasətçilərə qiymət vermək təklif olunub.
Nəticədə, Nikol Paşinyan 2,8 xalla ən yüksək reytinqə malik siyasətçi olub. Armen Sarkisyan (2,3 xal) 2-ci, Qaqik Tsarukyan (2,2 xal) 3-cü, Robert Koçaryan (2 xal) 4-cü və Edmon Marukyan (1,8 xal) 5-ci pillədə qərarlaşıb.
Sorğuda iştirak edənlərin 43,6%-i Paşinyanın dərhal istefa verməli olduğunu düşünür. Eyni zamanda, 38,8% respondent hökumət başçısının postuna qalmasına tərəfdardır, daha 17,6% şəxs isə seçim etməkdə çətinlik çəkib.
Eyni zamanda, Ermənistan vətəndaşlarının 32,2%-i Qarabağ Müharibəsindəki məğlubiyyətə görə, keçmiş hakimiyyətin, 28,8%-nin isə Paşinyan hökumətinin təqsirli olduğunu bildirib.
Sorğu fevralın 15-17-si tarixlərində telefon vasitəsilə aparılıb və ölkənin bütün bölgələrindən 801 nəfəri əhatə edib.