Nyu-York prokurorluğu “Amazon”u məhkəməyə verib
Nyu-York ştatının Baş Prokurorluğu “Amazon”'u pandemiya zamanı işçilərə yetərincə qayğı göstərməməkdə və narazı insanlara qarşı cəza tədbirləri görməkdə ittiham edərək şirkəti məhkəməyə verib.
ENA.az TASS-a istinadən xəbər verir ki, ştatın baş prokuroru Letisiya Ceymsin müvafiq iddiası Nyu-York Ali Məhkəməsinin elektron məlumat bazasında yerləşdirilib.
“Amazon” ön cəbhədə olanların həyatı, sağlamlığı və təhlükəsizliyi hesabına misli görünməmiş mənfəət və hədsiz artım templəri əldə edib”, - sənəddə deyilir.
İddia Nyu-Yorkun Steyten Aylend və Kuins rayonlarında yerləşən və koronavirusun yayıldığı iki anbarın işçiləri adından qaldırılıb. İddiaçı dünyanın ən böyük onlayn pərakəndə satış şirkətindən zərərçəkənlərə dəymiş ziyanın kompensasiya edilməsini və məhkəmə xərclərinin tam ödənilməsini istəyirlər. Təzminatın məbləği göstərilməyib.
L.Ceymsin sözlərinə görə, “Amazon” rəhbərliyi anbarlardan birində azı 250 işçinin koronavirusa yoluxduğu barədə bildiriş alıb, lakin işçilərin qalan hissəsini qorumaq üçün lazımi tədbirlər görməyib. “Şirkət, tələb olunduğu kimi, binaları havalandırmaq üçün obyekt seqmentlərini təcrid etməyib və yoluxanların təmas dairəsini müəyyənləşdirmək üçün onlarla vaxtında söhbət aparmayıb. Bunun əvəzində, “Amazon” üç gün müşahidə kameralarının görüntülərini araşdırıb, özü də anbarın bütün sahələri üzrə yox”, - o söyləyib.
“Amazon” iddiada göstərilən ittihamları qəbul etməyib.