"Porsche" yeni şarj texnologiyası hazırladı - 3 DƏQİQƏYƏ SARJ EDƏ BİLİR
Almaniyanın Phoenix Contact adlı şirkəti FastCharge layihəsinin nəticələrini açıqlamağa başlayıb. Bu layihə elektromobillərin şarj prosesini daha sürətli etmək üçün nəzərdə tutulub. FastCharge layihəsi hələ 2016-cı ilin iyul ayında start götürmüşdü. Daha sonra BMW, Porsche və Siemens kimi şirkətlər Phoenix Contact-ın texnologiyası əsasında sürətli şarj stansiyalarını yaratmaq qərarına gəldilər. İndi isə Porsche şirkəti bildirib ki, bu cür şarj stansiyası artıq istifadəyə verilib. 450 kilovatt gücə sahib şarj stansiyasının prototipi Almaniyada yerləşir.
Qeyd etmək lazımdır ki, hal hazırki elektromobil modellərindən heç biri bu dərəcədə enerji gücünü qəbul edə biləcək vəziyyətdə deyil. Lakin Porsche-nin test avtomobili 400 kilovatt-dan yüksək şarj gücünü sərgiləyib. Bu isə 100 km yol qətt etmək üçün nəzərdə tutulmuş enerjinin 3 dəqiqəyə yığılmasına bərabərdir. Kommersiya məqsədli elektromobillərdən bu texnologiyanı ilk istifadə edəcək model isə Porsche Taycan olacaq. Lakin buna baxmayaraq şarj stansiyasında öz elektromobilini istənilən şəxs şarj edə biləcək. Şarj prosesi Avropa üçün standart olan Combined Charging System (CCS) Type 2 girişi vasitəsilə reallaşdırılır.
Mütəxəssislərin hesablamalarına görə FastCharge texnologiyası Avropada olan bütün sürətli şarj stansiyalarındakı texnologiyalardan daha sürətlidir və Tesla Supercharger-dən 4 dəfə daha güclüdür. Belə ki, Tesla Supercharger elektromobilə bir dəfəyə 120 kilovatt enerji verir. Qeyd etmək lazımdır ki, 2022-ci ilə kimi Porsche şirkəti elektromobillərə və onlarla bağlı texnologiyalara 7 milyard dollar investisiya yatırmağı planlaşdırır. 2019-cu ilin sonuna kimi isə şirkət ABŞ-da 500-ə yaxın sürətli enerji yığma stansiyalarını quraşdırmaq niyyətindədir. Onlar Tesla Supercharger-in alternativi olacaqlar.