Yatanda məhkəməyə verəcəyini dedi, oyananda geri çəkdi
Milli Məclisin deputatı Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə vermək niyyətindən daşınıb.
“ENA” xəbər verir ki, bu barədə Unikal.org-a Siyavuş Novruzovun özü məlumat verib.
O bildirib ki, Daxili İşlər Nazirliyinin əməkdaşlarının həm pandemiya dövründə, həm də Vətən Müharibəsi zamanı göstərdikləri fədakarlığa görə bu qərara gəlib.
Xatırladaq ki, daha öncə deputat Daxili İşlər Nazirliyi tərəfindən karantin qaydalarının pozulması iddiası ilə onun inzibati qaydada cəzalandırılması və cərimələnməsinin tamamilə qanunsuz olduğunu demişdi və bununla bağlı məhkəməyə müraciət edəcəyini qeyd etmişdi. Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Siyavuş Novruzov DİN tərəfindən 400 manat cərimələnmişdi.
İllərin deputatının bir-birini təkzib edən açıqlama verməsi qeyri-ciddi situasiya yaradıb. Belə çıxır ki, S.Novruzov öz aləmində axşam yatanda DİN-dən 400 min manat tələb etmək fikrinə düşüb, oyananda isə bu fikrindən əl çəkib...