Sığorta

Sığorta bazarında yığılan haqqların 72,6%-i - 5 ŞİRKƏTƏ MƏXSUSDUR

2020-ci ildə Azərbaycanda sığorta şirkətlərinin topladıqları ümumi sığorta haqları 728 milyon 634,1 min manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 7% çoxdur. Toplanan sığorta haqqlarının 529 milyon 543 min manatı 5 sığorta şirkətinin payına düşür. Bu isə həm də o deməkdir ki, bazarın 72,6%-i 5 şirkət arasında bölüşdürülüb. Halbu ki, həmin dövr üçün bazarda 20 sığorta şirkəti fəaliyyət göstərmək üçün lisenziyaya malik olub. 

Diqqətçəkən rəqəmlərdən biri də odur ki, yığılan sığorta haqqlarının 406 milyon manatı iki - PAŞA Həyat və PAŞA Sığorta şirkətlərinin payına düşür. Bu isə o deməkdir ki, bazarda toplanan sığorta haqqlarının 55,7 yalnız 2 şirkətə məxsusdur. 

Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 10,1% artaraq 502 milyon 768,7 min manat və ya bazar üzrə bütün sığorta haqlarının 69%-ni təşkil edib. Həyat sığortasından toplanan sığorta haqları isə 13,9% artımla 249 milyon 794,3 min manat təşkil edib. 

2020-ci ildə icbari sığorta növləri üzrə sığorta haqları 0,6% çoxalıb və 225 milyon 865,4 min manata çatıb.

Hesabat ilində sığortaçılar həyatın yaşam sığortasından - 205 milyon 341,7 min manat, tibbi sığortadan 101 milyon 564,6 min manat  sığorta haqqı toplayıblar. 

2020-ci ildə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 465 milyon 153,1 min manat yönəldiblər ki, bu da 2019-cu ilin göstəricisindən 54,3% çoxdur. Rəqəmlərdən görünür ki, könüllü sığorta növləri üzrə ödənişlər 71,4% artıb və 378 milyon 741,2 min manat olub. Bu isə həm də bütün ödənişlərin 81,4%-ni təşkil edir. Həyat sığortası üzrə ödənişlərin həcmi isə 2,3 dəfə artaraq 280 milyon 441,3 min manata yüksəlib. Cüzi, yəni 0,8% azalma yalnız qeyri-həyat sığortası üzrə ödənişlərdə qeydə alınıb və bu ödənişlərin həcmi 98 milyon 299,9 min manatdır. 

2020-ci ildə icbari sığorta növləri üzrə ödənişlər 7,2% çoxalaraq 86 milyon 411,9 min manat olub. 

 

2020-ci ilin sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)