Yeni nazir Rəşad Nəbiyev kimdir? - DOSYE

Rəşad Nəbi oğlu Nəbiyev Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Yeni nazir kimdir, əvvəllər harada çalışıb?
ENA.az xəbər verir ki, R,Nəbiyev nazir təyin edilənədək, yəni 2011-ci ilin 24 yanvar tarixindən bəri Azərkosmos ASC-nin sədri vəzifəsini icra edib. Bundan əvvəl isə 2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləmişdir.
2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində, 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışmışdır.
Təhsilinə gəlincə, o, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi almış, 2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnmişdir.
Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirmişdir.