Türk şirkətinə idarəetməyə verilən "Azərlotereya"nın vəziyyəti necə idi?
Türk şirkətinə idarəetməyə verilən Azərlotereya ötən illərdə büdcə köçürmələrini tam icra etməyib. ENA.az xəbər verir ki, Hesablama Palatası hər il büdcə rəylərində xüsusi vurğulayırd ki, şirkət mənfəəti olmasına baxmayaraq büdcəyə proqnozlaşdırılan dividendini tam həcmdə ödəmir.
Məsələn, 2014-də ümumiyyətlə ödəməyib. 2015-2019-cu illərdə isə 8.4 mln. manat proqnozlaşdırılıb, amma cəmi 3.5 mln. manat ödəyib.
Nəticədə ödəmədiyi dividendlər yığılıb onun maliyyə hesabatında az qala 8 mln. manatlıq bölüşdürülməmiş mənfəət maddəsinə çevrilib.
Müqayisə üçün deyək ki, Türkiyənin Milli Piyango İdarəsinin 2019-cu üzrə hesabatına görə, şirkət satışdan əldə etdiyi ümumi gəlirdən uduş fondu xərcləndikdən sonra yerdə qalan 1.744 mlrd. lirənin 1.438 mlrd. lirəsini və ya 82,5%-ni müxtəlif vergilər (ƏDV, mənfəət, dividend, şans oyunları vergisi və s.) formasında Xəzinəyə köçürüb.