Veziri: "Sazişin 5 il müddətinə uzadılması üçün hökumətə müraciət etmişik"
Britaniyanın "Anglo Asian Mining" şirkəti yeni aktivlərin alınması hesabına Azərbaycanda biznesin genişləndirilməsi imkanını nəzərdən keçirir. Bu barədə şirkətin icraçı direktoru Reza Vəziri bəyan edib.
“Hazırda şirkət artım üçün bir neçə imkandan istifadə edir. Biz Gədəby ərazisində mədənlərin istismara verulməsini tezləşdirmək məqsədilə 5 prioritet sahədə kəşfiyyat işlərini sdavam etdirəcəyik. Həmçinin, Gədəbəy müqavilə sahəsinin işlənməsi üzrə sazişin 5 il müddətinə uzadılmasını təsdiq etmək üçün hökumətə ərziə ilə müraciət etmişik. Bundan başqa, Azərbaycanda yeni konsessiyaların alınması imkanını nəzərdən keçiririk”, - Vəziri bildirib.
O qeyd edib ki, həmçinin şirkət Azərbaycan hökuməti ilə tərəfdaşlıqda, erməni işğalından azad olunmuş ərazilərdə yerləşən Söyüdlü (Qafqaz regionda ən iri qızıl mədənidir), Qızılbulaq və Vejnəli müqavilə sahələrinin işlənilməsi üçün lisenizyaların hazırlanması zərurətini qiymətləndirəcək ki, tezliklə onların istismarına başlasın.
“Bizim dəyişilməz əməliyyat və maliyyə intizamımız sayəsində şirkət son bir neçə il ərzində üzərində işlədiyi imkanların inkişafı üçün çox yaxşı mövqedədir. Çox güclü balans və əlçatan kapitala malik olan Anglo Asian Mining fəaliyyətini genişləndirmək, resurslarını və istehsalı artırmaq üçün cari bazarın üstünlüklərindən istifadə edə bilər”, - Vəziri bildirib.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” müqavilə sahəsində iki açıq mədəndən (“Gədəbəy” və “Uğur”) və bir yeraltı mədəndən (“Qədir”) qızıl, gümüş və mis hasil edir.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin, 2015-ci ilin yayında “Qədir” yatağının, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağının işlənməsinə başlayıb.