Bank

Azərbaycanda yeni 1, 5 və 50 manatlıqlar dövriyyəyə buraxılır

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin müvafiq qərarına əsasən 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilmişdir. Bununla əlaqədar, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (nağd ödəniş terminalları, bankomatlar, cash-in/cash out aparatları, pul sayan və emal edən sistemlər, pul yoxlayan detektorlar və s.) yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adoptasiyası) məqsədilə bütün kommersiya bankları və qeyri-bank ödəniş təşkilatları 20 oktyabr 2020-ci il tarixdə məlumatlandırılmış və müvafiq pul nişanları ilə təmin edilib.

Bu barədə "ENA"ya AMB-dən bildirilib.

Məlumata görə, hazırda Azərbaycan Mərkəzi Bankı tərəfindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının tədavülə buraxılmasına başlanılır. Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları hazırda tədavüldə olan eyni nominallı köhnə pul nişanları ilə bərabər hissə-hissə tədavülə buraxılacaqdır.

Qeyd edək ki, hazırda tədavüldə olan köhnə nümunəli pul nişanları yenilənmiş pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi sonacan məhdudiyyətsiz istifadə ediləcəkdir.

Koronavirusla bağlı mövcud pandemiya vəziyyəti ilə əlaqədar hazırda tətbiq olunan məhdudiyyətlər səbəbindən bir sıra qeyri-bank ödəniş təşkilatları (Modenis MMC - “eManat“, Komtec Ltd. - “MilliÖN”, Expressbank ASC - “Expresspay”) istismar etdikləri nağd pul terminallarının yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) proseslərinin yekunlaşmadığını və bu proseslərin davam etdiyini bildirmişlər. Bununla əlaqədar əhalinin diqqətinə çatdırılır ki, uyğunlaşdırma proseslərinin yekunlaşmasınadək belə terminallarda köhnə nümunəli pul nişanlarının istifadəsi məqsədəuyğun hesab olunur.
Yenilənmiş pul nişanları ilə bağlı əlavə məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsindən əldə edilə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department