Sənaye

2021-ci ildə Neft Fondunun bonus ödənişləri necə artacaq?

Cari il üzrə Dövlət Neft Fonduna (ARDNF) neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonus ödənişlərinin 456,5 milyon ABŞ dolları və ya 776,05 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

Bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Rəyində deyilir. Bildirilir ki, bu da manat ifadəsi ilə 2019-cu ilin müvafiq icra göstəricisindən 9,70 milyon manat və ya 1,3 faiz, 2020-ci ilin proqnoz və gözlənilən icra göstəricilərindən 8,3 milyon manat və ya 1,1 faiz çoxdur. Belə ki, 2017-ci il 14 sentyabr tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“AÇG HPBS”) 29.2-ci maddəsinə əsasən, 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 milyard dollar ödənilməsi nəzərdə tutulur ki, bonus məbləğinin 4-cü hissəsi - 450 milyon dolları və ya 765 milyon manatı 2021-ci ilin ilk ayında ödənilməsi nəzərdə tutulur. Bununla yanaşı, 2021-ci il üzrə “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində SOCAR-a və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən “Şahdəniz” layihəsi üzrə 4,5 milyon dollar və ya 7 milyon 650 min manat məbləğində bonus ödənişlərinin edilməsi proqnozlaşdırılır. “Neftçala-Xıllı” yatağı üzrə Hasilatın Pay Bölgüsü sazişlərinə əsasən, digər podratçı tərəflər öz müvafìq iştirak paylarına mütənasib olaraq kontrakt sahəsindən ardıcıl 90 gün ərzində 2008-ci ilin orta sutkalıq xam neft hasilatı səviyyəsini 1,5 dəfə ötən orta sutkalıq neft hasilatı səviyyəsinə nail olduqdan sonra 30 gün ərzində 2 milyon dollar həcmində ümumi məbləği SOCAR-a ödəyir. Bununla bağlı olaraq 2021-ci ildə ARDNF-yə əlavə 2 milyon dollar vəsaitin daxil olması proqnozlaşdırılır. Beləliklə, 2021-ci il üzrə cəmi bonus ödənişləri 456,5 milyon dolları və ya 776 milyon 50 min manat təşkil edəcəyi gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)