Çində səfərbərlik elan edildi
Çin Xalq Respublikasının (ÇXR) Sədri, silahlı qüvvələrin ali idarəedici orqanı olan Mərkəzi Hərbi Şuranın sədri Si Cinpin silahlı qüvvələrin təlimləri üçün səfərbərlik elan edib.
İlin ilk səfərbərliyi üzrə keçiriləcək hərbi təlimlər silahlı qüvvələrin real döyüş şəraitində hazırlıq səviyyəsinin gücləndirilməsinə xidmət edəcək.
Dünyanın iqtisadi güclərindən birinin ilin əvvəlində güc nümayişi etdirməsi bütün dövlətlərin diqqət mərkəzindədir. Çin lideri təlimlərdə texnologiyanın əsas döyüş potensialı olması ideyasının diqqətdə saxlanılmasının və yeni texnologiyalara əsaslanan silahların tətbiqinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Çin Xalq Azadlıq Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi, yeni texnologiyalara əsaslanan silah və texnika ilə təminatı istiqamətində əsaslı iş aparılır. Belə ki, 2015-ci ildə orduda başlanan irimiqyaslı islahatlar nəticəsində silahlı qüvvələr sıralarında qeyri-hərbi personalın sayı əhəmiyyətli dərəcədə azaldılıb və komanda-qərargah strukturu yenidən qurulub. Orduda qeyri-döyüş vəzifələrinin, demək olar ki, yarısı ləğv edilib, hərbi hissələrdəki qərargah heyətinin sayı 25 faiz azaldılıb. Nəticədə silahlı qüvvələrin şəxsi heyətinin sayı 300 min nəfər azalaraq, 2 milyona düşüb.
ÇXR Sədri Si Cinpin Çin Kommunist Partiyasının 2017-ci ildə keçirilmiş 19-cu qurultayındakı çıxışında silahlı qüvvələrin döyüş qabiliyyətinin və strateji imkanlarının yüksəldilməsinin, yeni texnologiyaların tətbiqinin vacibliyini qarşıya məqsəd kimi qoymuşdu. O, həmçinin Çin silahlı qüvvələrin qarşısında 2035-ci ilə qədər özünü müasirləşdirilmiş gücə çevirmək, həmçinin 2050-ci ilə qədər aparıcı hərbi qüvvə olmaq hədəfini qoyub.