Türkiyə-Rusiya Monitorinq Mərkəzi nə vaxt hazır olacaq? - PREZİDENT AÇIQLADI
"Nəhayət sonuncu məsələ Türkiyə-Rusiya Monitorinq Mərkəzidir. Azərbaycan bu məsələ ilə bağlı da öz öhdəliyini yerinə yetirir. Azərbaycan tərəfi indi Ağdam bölgəsində bu Monitorinq Mərkəzi üçün bina inşa edir. Bu Monitorinq Mərkəzi yaxın 10 günə – maksimum iki həftəyə hazır olacaqdır".
ENA.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
"Bildiyimə görə, artıq Türkiyə tərəfi də fəaliyyətə başlamaq üçün tam hazırdır. Yəqin ki, siz Rusiya tərəfi ilə də təmaslardasınız, Monitorinq Mərkəzi nə qədər tez fəaliyyətə başlasa o qədər də yaxşıdır. Çünki müharibədən təxminən iki ay keçməsinə baxmayaraq, hələ də təhdidlər, təhlükələr var. Nəzarətsiz erməni silahlı birləşmələri bizim ərazimizdə fəaliyyət göstərirlər və onların bir hissəsi çıxmaq, təslim olmaq istəmirlər. Ona görə, bu təhdidi aradan qaldırmaq və gələcəkdə bütövlükdə bölgəmizdə sülhün, sabitliyin təmin edilməsi üçün Monitorinq Mərkəzi mütləq olmalıdır. Çünki əfsuslar olsun ki, Ermənistanda bəzi siyasi qüvvələr revanşist fikirlərlə yaşayırlar, açıq bəyanatlar verirlər ki, gün gələcək onlar Azərbaycana qarşı müharibə aparacaqlar, Azərbaycan torpaqlarını işğal edəcəklər. Bu, onlar üçün özünəqəsd olacaq. Təbii ki, belə cəhdlər dərhal yerindəcə aradan qaldırılacaq, ancaq bu təhdidlər var. Ona görə bu bölgədə monitorinq, nəzarət aparılmalıdır və Türkiyə-Rusiya mərkəzi bu funksiyanı əminəm ki, şərəflə yerinə yetirəcəkdir", - dövlət başçısı bildirib.