Aqrar

Azərbaycan badam istehsalını artırıb, idxalı azaldır – QİYMƏTLƏR DÜŞÜR

Azərbaycan cari ildə badam istehsalını böyük həcimdə artırıb, idxalı isə azaldıb.

ENA.az Banker.az-a istinadən xəbər verir ki, cari ilin yanvar-noyabr ayları üzrə göstəricilərə görə, Azərbaycanda badam istehsalının həcmi 1 464 ton təşkil edib. Bu isə respublika üzrə illik müqayisədə 60% artım deməkdir. Respublika üzrə ötən ilin eyni dövrünə 915.6 ton təşkil edirdi. Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat verilir.

Abşeron rayonu ərazisində istehsal həcminin artımı daha çox diqqət çəkib. Məsələn, ötən ilin ilk 11 ayı ərzində bu rayonda 50 ton həcmində badam istehsal edildiyi halda, cari ilin eyni dövründə 306 ton təşkil edib. Bu da 256 ton, yəni, 5.1 dəfə artım deməkdir. Abşeron rayonu ərazisində ən böyük badam yetişdirən “AzBadam” MMC Qala ərazisində 265 Hektar, Bilgəhdə isə 120 Hektar ərazini əhatə etməklə İspaniyadan gətirdiyi Quarra, Avijor, Belona və Soleta ting növləri üzrə ağaclar əkib.

Şirkət bildirir ki, ağaclar tam gücü ilə işə düşdükdən sonra (ting əkidikdən 4 il sonra) bu bağlardan illik istehsal gücü 800 ton badam ləpəsi almaq mümkün olacaq. “AzBadam” bunu gerçəkləşdirərsə bazarın böyük payçısı olması şübhəsizdir.

Badam bağları

Şabran rayonu da badam istehsalı üzrə ən böyük artım edən rayon siyahısındadır. 2019-cu ildə badam bağlarından 12 ton badam yığıldığı halda, cari ilin eyni dövrünə 70.8 ton badam yığılıb. Bu isə 58.8 ton, yəni, 4.9 dəfə artım deməkdir.

Şabranda 83 hektara yaxın badam bağlarının salındığı qeyd edilir, gələn il bunun 200 hektara çatacağı qeyd edilir. Bu rayonda qabıqlı badamın orta statistik məhsuldarlıq hektar üzrə 10 ton təşkil edildiyi bildirilir. Qabıqlı badamın 30-35%-ini ləpə təşkil edir.

Ağsu rayonunun tarixində ilk dəfə bu il adı badam istehsalçısı kimi siyahıya düşüb. Rayon ərazisndə 2020-ci il ərzində 36 ton həcmində badam istehsal edilib. Qeyd edək ki, badam bağları rayonun bağçılıq təsərrüfatında yeni sahə sayılır. Bölgədə ilk badam bağı 2016-cı ildə salınıb və ötən hər ildə onun ərazisi təzə bağlar hesabına artırılıb.

Hazırda bu bağların sahəsi 105.5 hektardır.

Azərbaycanda illərdir badam bazarının 80%-inə sahib olan Naxçıvan Muxtar Respublikasında isə öncəki ildə 772.3 ton badam yığıldığı halda, cari ildə bu rəqəm  766 tona düşüb. Bu da 1% azalma deməkdir. Bir il ərzində digər rayonlarda badam istehsalının böyük həcimdə artması muxtar respublikanın cəmi bazarda payını 84%-dən 55%-ə qədər azaldıb. Yerli məhsul istehsalçılarının qənaətincə Azərbaycanda yeni salınan bağların tam işə düşməsindən sonra Naxçıvan M.R.-nın payının daha da aşağı düşməsi mümkündür.

İDXAL HƏCMİ AZALIB

Azərbaycanda əhalinin ilə paralel olaraq hotel, restoran və digər iaşə obyektlərində bu çərəzin istehlak edilir. Lakin, COVID-19 pandemiyası səbəbindən ölkəyə turist axını dayanıb, iqtisadi sahələrin fəaliyyətində məhdudiyyətlər olub.  Bu isə ölkədə bu məhsulun istehlakını azaldıb.

Daxili istehsaldakı 60%-lik artım bir tək idxala təsir edib. Bildiyimiz kimi Azərbaycan daxili bazarı təmin etmək üçün badamı əsasən ABŞ-dan alır. Cari ildə isə, badamın idxal həcmi -5.7% azalmışdır. 2020-ci ilin ilk 10 ayı ərzində Azərbaycana xaricdən 332.5 ton həcmində badam ləpəsi idxal edib. Buna görə isə ölkəmizdən 2 milyon 112.12 min dollar həcmində valyuta xaricə gedib. İdxal edilmiş badam ləpəsinin 99.9%-i Amerika Birləşmiş Ştatlarından idxal edilib.

QİYMƏT

Badamın daxili istehsalının böyük artımda artımına rəğmən Azərbaycanda pərakəndə qiyməti hər kiloqrama 22.5 manat təşkil edib. Bu isə öncəki ildə 23-25 manat/kq arasında dəyişirdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)