“Kimsə mənim adıma bircə səhm tapsa, söz verirəm ki, ona bağışlayacam”
Rüfət Quliyev: “Problemli krediti olan insanları qovub, məhkəmə vasitəsilə onların əmlakını əlindən almağı nə Allah, nə də Quran götürər”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik
- Rüfət müəllim, ilk sualımız sizin mətbuatla işgüzar əlaqələrinizlə bağlı olacaq. Mətbuatda çox geniş müsahibələriniz çıxmır. Özünüz qaçırsınız mətbuatdan, yoxsa...
- Mən qətiyyən belə düşünmürəm. Demək olar ki, hər ay mənim mətbuatda 9-10 açıqlamam dərc edilir. Təbii ki, konkret mövzularla bağlı. Ancaq bizdə bəzi “professionallar” var ki, bütün mövzulardan danışırlar. Astronomiyadan tutmuş, ta doğum evlərinə qədər... Bir deputat, Azərbaycan vətəndaşı kimi hesab edirəm ki, hər bir insanın müəyyən sektoru olmalıdır. Məsələn, mən iqtisadçıyam, elmlər doktoruyam, Azərbaycan Texniki Universitetində kafedra müdiriyəm, həmçinin Kiyev Universitetində professoram. Mən Azərbaycanın sosial-iqtisadi modeli, beynəlxalq iqtisadi əlaqələr, iqtisadi məsələlərlə, araşdırmalarla bağlı hər zaman danışmağa hazıram. Keçən dəfə mənə aidiyyatı olmayan bir mövzudan sual vermişdilər. Mən də dedim ki, bu mənim mövzum, sahəm deyil. Bu sahəyə aidiyyatı olan şəxslərdən cavab soruşun. Mən sonuncu dəfə saytların birinə açıqlama vermişdim. Oxunma sayına baxanda gördüm ki, 4651 nəfər oxuyub. Bunu uğurlu hesab etmək olar.
- Qeyd etdiyiniz “hərşeyşünaslar” arasında deputatlardan da kimlərisə nəzərdə tutursunuz?
- Gəlin, bu sualın cavabını sizə verməyim. Buna ingilis dilində belə deyilir: “No komment!”. Bu, mənim şəxsi fikrimdir. Ola bilməz ki, bir insan bütün elmləri eyni səviyyədə bilsin. Əgər mənə botanikadan, astronomiyadan sual versəniz, ancaq onların iqtisadi tərəfdən izahını verə bilərəm. Məsələn, Azərbaycanın 3 peyki var. Mən deyə bilərəm ki, bu çox vacib bir proyektdir. Azərbaycanın ondan qazancı var.
- Rüfət müəllim, seçicilərinizlə görüşlərinizdən nə deyə bilərsiniz?
- Mən ayda 1 dəfə seçicilərimlə görüşürəm. İndi görüşə gələn adamların sayı isə azalıb. Bunun obyektiv səbəbi də var. Bildiyimiz kimi, cənab prezidentin tapşırığına əsasən 2-3 ildir hökumət üzvləri bölgələrdə vətəndaşlarla görüşürlər. Mən belə başa düşürəm ki, həmin görüşlərdə problemlərin çoxu həll olunur.
- Əldə etdiyimiz məlumata görə, seçicilərlə görüş formatınız fərqlidir.
- Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə mənim belə bir layihəm var ki, Lənkəranda seçicilərimlə görüşəndə həmin nazirliyin struktur bölmələrinin rəhbərləri də orada iştirak edirlər. Düzü, keçmiş nazir Səlim Müslümovun vaxtında da seçicilərlə bu formatda görüşürdüm.
Seçici mənə görüşdə müraciət edir ki, “iş istəyirəm”. Yerindəcə həmin strukturun nümayəndəsinə deyirəm ki, nə iş var? Həmin strukturun nümayəndəsi də deyir ki, məsələn, bənna, sürücü işi var. Və həmin adamın problemi yerindəcə həll edilir. Mənim seçicilərimlə görüşümdə 30-40 adam iştirak edir. Onların içərisində rayonun ağsaqqalları da olur. Bir qisim adam var ki, Azərbaycan dövlətinin, hökumətinin dəstəyi nəticəsində fikirləşirlər ki, işləməsə də sosial müavinət ala, pensiyaya tez çıxa bilər. Mən onun tərəfdarıyam ki, həmin o müavinətləri həqiqətən ehtiyacı olanlar almalıdır. Sağ olsun yeni nazir Sahil Babayev. Çünki o, bu prinsipləri əsas götürür. Elə adamlar var ki, görüşə gələndə baxırsan ki, xarici görünüşcə Herakldan, Herkulesdən geridə qalmır. Ancaq əməyə marağı ölüb. Bu hal təkcə Azərbaycanda müşahidə edilmir. İnkişaf etmiş ölkələrin vətəndaşlarını mən başa düşürəm. Onlarda sosial təminat çox yüksəkdir. Almaniya, Fransa, İsveç kimi ölkələrdə işlədin-işləmədin sənə müavinət verilir. Hindistan, Çin, Filippin, İndoneziya kimi ölkələrdə isə kasıblıq çox olduğuna görə, işləyirlər. Azərbaycan xalqı kimi də işgüzar xalq bəlkə də dünyada yoxdur. Mən bunu hər yerdə demişəm, deyirəm və deyəcəyəm də. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələn kimi torpaqları insanlara payladı. Bundan sonra isə insanlar başladılar əkib-becərməyə. Ancaq bununla yanaşı, bir qisim insan da həmin torpaqları əkib-becərmədilər.
- Burada təkcə insanlarda da günah görmək olmaz. Çünki məmurların bir çoxu həmin torpaqları mənimsəməyə başlamışdılar...
- Siz dedikləriniz hər bir ölkədə var. Mən 2008-2009-cu illərdə İran sərhədini keçdim. İran Astarasından Tehrana qədər 12 saat yol getdim. Mən maşını saxladım və gördüm ki, 1 kvadrat metr əkilməmiş torpaq sahəsi yoxdur. İndi də yoxdur. İran 40 ildir ki, sanksiya altında yaşayır. Ancaq iqtisadiyyatları da çökmür. Çünki insanların ən böyük problemləri ərzaqla bağlıdır. Əgər ərzaq problemi həll olunursa, insanlar üçün işləmək daha rahat olur. Kənd təsərrüfatı məhsulları bol olan zaman yanında müəssisələr və iş yerləri yaranır. Qeyri-normal hal odur ki, pomidor Lənkəranda əkilsin və onu Bakıya istifadə etməyə gətirəsən.
- Məhsul bol olanda da müəyyən problemlər yaranır. Məhsullar insanların əllərində qalır. Bunu da bəzən monopoliya ilə əlaqələndirirlər...
- Səmimi olaraq sizə bir şey deyim. Haradasa 2-3 il bundan öncə Lənkəran zonasında elan etdim ki, xüsusi bir qurumla danışmışam, 2-3 “Qazel” markalı maşın ayıracaq və maşının üzərində də telefon nömrəsi. Məhsulu çox olan adam zəng etsin desin ki, mənim filan qədər məhsulum var və satmaq istəyirəm. Həmin o qurumun əməkdaşları gəlib məhsulu alacaqdılar. Həmin məhsulun bazar qiymətinin 60-70 faizinin məbləği də veriləcəkdi. İndi isə siz mənə sual verin ki, Rüfət müəllim, nə qədər adam zəng etmişdi? Heç nə qədər. Düzdür, Azərbaycanda elə rayonlar var ki, orada insanlar torpağı əkib-becərirlər. Məsələn, Cəlilabadda, Şəmkirdə. Mən düşünürəm ki, insanın sahibkar olmağı Allahdan gələn bir şeydir. Yazıçı, jurnalist kimi. “Mən sahibkar olmaq istəyirəm deməklə” sahibkar ola bilmərəm. Sovet vaxtı maşınla inək aparan zaman sahə müvəkkili adamın qarşısını kəsirdi. İndi isə dövlət hər cür şərait yaradıb. Cənab prezident də hər dəfə qeyd edir ki, “sizə maneçilik törədirlərsə, şikayət edin və biz bu problemlə məşğul olaq”.
- Azərbaycanda kifayət qədər balıq resursları var. Bəs nəyə görə balıq və kürü çox bahadır?
- Balıqların kökünü kəsmək olmaz. Dövlət bununla bağlı hər zaman mübarizə aparır. Amma yenə də balığın kökü kəsilir. Artıq bizdə o problemlər var. Dəfələrlə bununla bağlı mətbuatda da yazılar dərc edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bununla bağlı dəfələrə açıqlama verib. Əvvəllər kürünü götürmək üçün balığın qarnını yarırdılar. Ancaq mən Dnestr çayı sahilində olarkən orda gördüm ki, kürünü götürmək üçün balığın qarnını yarmağa heç bir ehtiyac yoxdur. Onlar kürünü əldə etmək üçün vakuumlardan istifadə edirdilər. Daha sonra isə balığı kiçik əməliyyat edib, buraxırdılar çaya. Təbiidir ki, hər hansı məhsulun sayı azalanda, tələbat artanda onun qiyməti artır. Hesab edirəm ki, burada monopoliyalıq bir şey yoxdur. İstənilən ölkədə brakonyerlər ölümə gedirlər. Karl Marksın yaxşı bir sözü var. Deyir ki, 20 faiz qazanc olanda kapital başını qaldırır, 50 faiz olanda hərəkətə gəlir, 100 faizdə isə başlayır daha çox hərəkətə gəlməyə. Hətta 300 faiz olanda dar ağacından ölümə belə gedəcək. Brakonyerlər də Allahın yaratdığı neməti tutur və satır.
- Bank sektorundakı problemlər, xüsusilə də problemli kreditlər mövzusu ən çox müzakirə olunan məsələlərdəndir. Amma hələ də ortaq bir çıxış yolu tapılmayıb. Siz necə düşünürsünüz, hansı addımların atılmasına ehtiyac var?
- Bizdə bankların demək olar ki, hamısı şəxsidir. Dövlətin cəmi 1 bankı var. O da Azərbaycan Beynəlxalq Bankı. Onun da nə gündə olduğunu hamı bilir. Dövlət həmin bankı bu gün ayaq üstə saxlamaq üçün nə qədər pul ayırıb. Əgər dövlət əlini çəksə, Azərbaycan Beynəlxalq Bankı çökəcək. Bundan sonra isə böyük narazılıqlar olacaq. Təkcə ölkə daxilində həmin bankda əmanəti olanların yox, həm də xaricdəkilərin pulu batacaq. Bu gün problemli kreditlərin həcmi 1 milyard 700-800 milyon manatdır. Bu gün Azərbaycanda banklar bir araya gələrək ortaq məxrəc tapa bilmirlər. Mən bu kreditlərin dövlətin bağlamasının əleyhinəyəm. Səmimi olaraq deyirəm ki, banklar həmin kreditlərdən çox böyük pullar qazandılar. İndi qazanmısınız, sağlığınıza qismət. Belə bir məqamda insanları qovub, məhkəmə vasitəsilə onların əmlakını əllərindən almağı nə Allah, nə də Quran götürər. Heç məntiqlə də düz gəlmir. İnsanlar onsuz da onu vermirlər. Ziyanın yarısından qayıtmağın özü də bir qazancdır. Elə adamlar var ki, onların kredit faizləri götürdükləri məbləğdən çoxdur. Banklar nəyi gözləyirlər?
- Bildiyimiz kimi, Azərbaycanda iki dəfə ard-arda devalvasiya oldu. Burada həm dövlət, həm banklar, həm də vətəndaş itirdi. Bu itkiləri dövlət qarşılaya bilməzmi?
- Bu, mümkün deyil. Dövlət əlindən gələni etdi ki, dolların məzənnəsini saxlasın. Özünüz də gördünüz ki, Mərkəzi Bankın rezervləri iki dəfədən çox azaldı. Dövlət bunu saxlaya bilmədi. Mən problemi banklarda görürəm. Banklar düşünməlidir. Banklar verdikləri kreditlərin faizini endirməlidir. Məsələn, vətəndaşa 14 faizlə kredit verdisə, 1 faizə endirməlidir. İnanın ki, bu zaman problemlərin 50 faizi həll olunacaq. Banklar nəzərə çarpan addımlar atmalıdır.
- Bir sıra ekspertlər Azərbaycanın xaricdəki rezervlərinin ölkəyə gətirilməsini təklif edirlər…
- Mən birmənalı olaraq buna “yox” deyirəm. Bizim neftdən qazandığımız pullar tək bizim deyil. Həm də gələcək vətəndaşlarımızın, uşaqlarımızın puludur. Biz hansı ixtiyarla o pulları bu gün xərcləməliyik? Dövlətin öz siyasəti var. Bizim rezervlərimizin bir hissəsi avroda, bir hissəsi dollarda saxlanılır. Belə bir deyim var: “Yumurtaların hamısını bir xurcunda saxlama”. Çünki birdən xurcun düşdü və sındı, o zaman yumurtların da hamısı qırılacaq. Bəzən deyirlər ki, Azərbaycan öz valyuta ehtiyatlarını dollarda saxladı və uduzdu. Çünki dollar ucuzlaşdı, avro isə bahalaşdı. Mən də deyirəm ki, valyuta ehtiyatlarımızın bir hissəsi dollardadır, bir hissəsi isə avroda. Birində uduzanda, digərində udur da.
- 2019-cu ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 60 dollardan götürülüb. Ancaq dünya bazarlarında neftin qiymətinin düşməsi insanlarda bir az həyəcan yaradıb. Sizcə, neftin qiymətinin 60 dollardan götürülməsi təhlükəli deyilmi?
- Həyəcan niyə yaranmalıdır ki? Nə var ki burda? Ay Qətər OPEK-dən çıxdı, o girdi, bu girdi. Qətərin bu məsələlərdə cəmi 2 faiz rolu var. 2 faiz heç nə edə bilməz. Artıq neçə illərdir ki, Azərbaycanın dövlət büdcəsi hazırlanır. Kifayət qədər təcrübəmiz də var. Mənə elə gəlir ki, dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsinin heç bir mənfi təsiri ola bilməz. Bilirsiniz ki, bizim qızıl valyuta ehtiyatlarımız 9 aya 4 milyarda yaxın artıb. Neftin qiyməti isə 70 dollara qalxsa, daha çox sosial layihələr həyata keçirmək olacaq. Ancaq neftin 1 barelinin qiyməti 40 dollara düşsə də heç nə olmayacaq. Onu da biz yaşamışıq. İqtisadiyyat çökmədi ki... Sadəcə olaraq 1 il artım mənfi oldu. Yenə də dözdük və həmin vəziyyətdən çıxdıq.
- SOCAR dövlət zəmanəti ilə aldığı kreditləri qaytarmayıb və sonradan Nazirlər Kabineti həmin borcları sildi. Bu nə dərəcədə düzgündür?
- Azərbaycan hər zaman xaricdən ən yaxşı şeyi alır. Bunu mənə xaricilər deyiblər. Mən belə düşünürəm ki, bu cənab prezidentin tapşırığıdır ki, Azərbaycana nə gətiririksə, ən yaxşısını gətirək. Yaxşı da bahalı olur. Azərbaycanda deputat həmkarım Cavid Qurbanovun rəhbərlik etdiyi Azərbaycan Dəmir Yolları QSC-də bu sarıdan heç bir problem yoxdur. Mən hesab edirəm ki, elə təşkilatlar var ki, vaxtilə dövlət zəmanəti ilə xaricdən kreditlər götürüblər. Ancaq sonradan işləri düzəlməyib, qurulmayıb və həmin krediti qaytara bilməyib. Adlarını soruşsanız mən deyə bilməyəcəm. Çünki bunun üçün gərək Maliyyə Nazirliyi tam açıqlamanı versin. Bir təşkilat o krediti götürübsə, onun biznesinin axırı niyə uğursuzdur? Krediti yeyib-içmək üçün götürmürlər ki... İş görmək üçün götürürlər. Allah cənab prezidentdən razı qalsın. Biz aeroportlar, idman kompleksləri və sair yerlər tikmişik və yaratmışıq. İndi isə dövlət büdcəsindən onların saxlanmasına pul ayrılıb. Mən iclasda bəyan etdim ki, Lənkəran aeroportu daxili və xarici şirkətlərin birinə icarəyə verilsin. Mənim “xarici şirkətlər” deməyim isə bəzi deputatların xoşuna gəlmədi. Buradan dövlət də qazansın, büdcədən də əlavə pul getməsin. Amma burada müəyyən məmurların maraqları üst-üstə gəlmir. Bu isə başqa məsələdir. Belə bir söz var: “Sən maşınımın içindən qoyunlara elə baxma!”. Mən hesab edirəm ki, maliyyə nazirinin birbaşa borcudur ki, bunları bir daha yoxlatdırsın. Lap cənab prezidentə müraciət etsinlər və tender keçirsinlər.
- 2019-cu ildə manatın məzənnəsində hər hansı bir dəyişiklik ola bilərmi?
- Nobel Sülh Mükafatı laureatlarından birinin belə bir sözü vardı: “Proqnoz vermək çox ağır məsələdir”. Biz bu gün qeyri-neft sektorundan gələn məbləği artırırıq. Düzdür, biz ona hələ ki, tam nail ola bilməmişik. Hesab edirəm ki, neft və qaz bizə ən azı 30 il lazım olacaq. Bu gün Dubayda 4 faiz qazanc neftdən, 96 faiz isə qeyri-neft sektorundan gəlir.
- Bu gün Azərbaycanda iqtisadiyyatla bağlı rəsmi qurumlar var. Məsələn, Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu. Sizcə, bu institutlar, qurumlar normal işləyir?
- İnsana verilən məvacibə görə ondan da nəticə gözləyə bilərsən. Yəni, orada bir işçiyə 300 manat məvacib verilirsə, onun sənə 300 manatlıq xeyri olacaq. Hesab edirəm ki, bu gün elmə sərf edilən pulu artırmaq lazımdır. O, öz effektini isə 1-2 ilin içərisində verməyəcək. Effekti 20-25 ildən sonra verəcək. Ona görə bu gün büdcəni formalaşdıran zaman daha çox 3-5 il qabağı fikirləşirlər. Nəinki 25 il qabağı. Əsas problem budur. Hesab edirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasında bu cür institutların olması lazımdır. Amma onlardan Nobel Sülh Mükafatı laureatı səviyyəsində nə isə gözləmək çox çətindir. Bunun üçün köklü formada islahatlar aparmaq lazımdır. Onu da qeyd edim ki, islahatlar aparan zaman orada müəyyən problemlər yarana bilər. İşçi sayı orada çoxdur. Çıxarılan işçilər isə əmək bazarına təzyiq göstərəcək. Bizim ümumi problemimizin kökü Qarabağdadır. Qarabağ problemi olmasaydı, biz bu qədər pul sərf etməzdik.
- Deputatsınız, eyni zamanda dediniz Azərbaycan Texniki Universitetində kafedra müdirisiniz, Kiyev Universitetinin professorusunuz. Bütün bu işləri bir arada necə çatdırırsınız?
- Mən ildə 1-2 dəfə Kiyevə gedirəm. Getməzdən əvvəl isə prorektora xəbər verirəm. Bu gün Taras Şevçenko adına Kiyev Milli Universitetinin aparıcı müəllimləri, professorları, kafedra müdirləri tələbə yoldaşlarımdır. Mən orada Maliyyə fakültəsində professoram. Orada master-klasslar keçirəm. Bu zaman isə auditoriyada doktorantlar, magistrlər, 4-cü kurs tələbələri olur. Maraqlı dərslərimiz keçir. Hesab edirəm ki, biz Boloniya sisteminə daha çox yönəldik. Boloniya sisteminə baxanda Azərbaycan Texniki Universiteti bəlkə də ölkədə nömrə 1-dir. Boloniya sistemi zamanı müəllimlə tələbənin arasında minimum əlaqə olur. Tələbə kompüter vasitəsilə imtahan verir. Hesab edirəm ki, Boloniya sistemində müəyyən qədər islahat aparmaq lazımdır. Biz Boloniya sistemini tətbiq etdik ki, korrupsiyanın qarşısı alınsın. Azərbaycan Texniki Universiteti Cənubi Qafqazda flaqmandır. Bildiyimiz kimi, dövlət büdcəsindən ali məktəblərə pul ayrılmır. Daha çox öz hesablarına maliyyələşir. Mən sarkazmla orada çıxış etdim ki, tələbələrin ruhuna da dəyməyək, istədi universitetə gəlsin və ya gəlməsin. 4 ildən sonra isə hərəsinə bir diplom verək. Valideyn var ki, şikayətə gəlir ki, mənim övladım 4 il oxuyur, ancaq diplomu ala bilmir. Deyir ki, uşağı universitetə hər gün göndərir, cibinə də 5 manat pul qoyur ki, balası dərsə gedir. Bala da gedir avaralıqla məşğul olur. Demirəm ki, hamısı belədir. Ancaq o birilər də bunlara baxır.
- Dediniz ki, master-klasslar keçirsiniz. Yəqin ki, bunun qarşılığında məvacib də alırsınız...
- Elə olub ki, mənə maaş da veriblər. O zaman “çox sağ olun” demişəm.
- Sirr deyilsə, nə qədər pul verirlər?
- Axırıncı dəfə 1-2 il bundan əvvəl almışam. Amma mən sizə deyim ki, Kiyevdə müəllimin maaşını saat hesabı ilə götürəndə bizimlə müqayisədə fərq çoxdur. Mən sizə səmimi deyim. Orada dərs keçməyi pula görə etmirəm. Bir alim, müəllim kimi elə bir auditoriyaya girmək mənim üçün fəxrdir.
- Eyni zamanda Ali Attestasiya Komissiyasında da təmsil olunursunuz. Azərbaycanda kifayət qədər elmlər doktoru var. Sizcə, onların hamısı elmlər doktoru adına layiqdirlərmi?
- Azərbaycanda təxminən 1500 elmlər doktoru, 7500-8000 elmlər namizədi var. Bu qədər elm adamına qiymət vermək üçün hesab edirəm ki, onların hamısından mənəvi cəhətdən üstün olmalısan. Onların içərisində elələri var ki, öz üzərilərində daim işləyir. Elələri də var ki, işləmir. Hətta elələri də var ki, elmdən uzaqlaşıb, sahibkarlıqla məşğul olur. Hesab edirəm ki, Azərbaycanda bu qədər elmlər doktoru və elmlər namizədinin olması müsbətdir. Alimlik elit bir işdir. Bizim elə adamlarımız var ki, 2 ixtisas üzrə doktordur.
- Rüfət müəllim, nazirlərlə, komitə rəhbərləri ilə münasibətiniz necədir? Fəaliyyətindən narazı qaldığınız hər hansı bir nazir və ya komitə sədri varmi?
- Mən sizə desəm ki, filan nazirlikdən narazıyam, düz çıxmaz. Mən deyim ki, kimdən razıyam. İqtisadiyyat naziri Şahin Mustafayevlə çox gözəl münasibətlərim var. İstənilən zaman qəbuluna da girirəm, təkliflərimi bildirirəm. Həmçinin, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə və vergilər naziri Mikayıl Cabbarovla da münasibətlərim yaxşıdır. Mikayıl müəllim mənim insan kimi xoşuma gəlir. Burada bir faktor onun rus dilli olması ilə də bağlıdır. Rus dilli insanların bir-birilərinə simpatiyası çox olur. Mikayıl müəllim çox soyuqqanlı insandır. Heç bir addımını emosional formada atmaz. Hesab edirəm ki, nazir üçün bunlar ən vacib şərtlərdən biridir. Kənd təsərrüfatı naziri İnam Kərimovla da münasibətim yaxşıdır. Mən CBC kanalında “Sahibkar saatı” verilişinə görə ondan xahiş etmişəm. O da sağ olsun, xahişimi nəzərə alıb və dəstəyini göstərib.
- Bu sualı bir dəfə də deputatlarımızın birinə vermişik. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun heç qəbulunda olmusunuzmu?
- Mən Eldar Mahmudovu tədbirlərdə görmüşəm və görüşmüşəm. Keçmiş həmkarım Çingiz Əsədullayevin bir sözü çox xoşuma gəlir. Vaxt var idi ki, , insanlar Eldar Mahmudovun əlini sıxmaqdan ötrü növbəyə düzülürdülər. O nə günahlar edibsə dövlətin və məhkəmə orqanlarının işidir. Sualınıza gəlincə, onu deyə bilərəm ki, bəli görüşmüşəm. Soruşmuşam ki, necəsiniz? O da normal formada cavab verib. Mən onda yekəxanalıq görməmişəm. Bəlkə də yenə də deyirəm ki, o da rus dilliydi, mən də.
- Bayaq dediniz ki, insanlar Eldar Mahmudovun əlini sıxmaq üçün növbəyə düzülürdü. Siz də ona məhz salam vermək üçün yaxınlaşanlar kateqoriyasından idiniz?
- Mən özümə qardaş, dost bildiyim Çingiz Əsədullayevin sözünə istinad edirəm. Azərbaycan mentalitetində belə bir şey var: “KQB” qorxunc yerdir. Ona görə də hər bir insan deyir ki, Allah heç kimin yolunu ora salmasın, Allah saxlasın. Elə insanlar var ki, Eldar Mahmudovla səmimi görüşürdü. Ancaq elələri də var idi ki, deyirdi Allahın işini bilmək olmaz, bəlkə birdən işi düşdü. Ona görə gedib salam versin. Hesab edirəm ki, sualınıza tam səmimi cavab verdim.
- Belə məlumatlar var ki, “EUROPEAN TOBACCO BAKU” ASC-də olan səhmlərinizi satmısınız...
- Mən 18 il “EUROPEAN TOBACCO BAKU” ASC-nin İdarə Heyətinin sədri olmuşam. Deputat seçilən zamandan isə oradan maaş almamışam. Təbii ki, orada müəyyən qədər mənə şərait yaradılmışdı. Kabinet və s. Fəxrlə o günləri yada salıram. Hesab edirəm ki, ora üçün əlimdən gələni etmişəm. Amma haradasa kimsə mənim və qohumlarımın adına səhm tapsa, söz verirəm ki, o səhmi ona bağışlayacağam.
- Sizi o işi yaxşı bildiyinizə görə “EUROPEAN TOBACCO BAKU” ASC-nin İdarə Heyətinin sədri qoymuşdular?
- Mən 1996-1997-ci illərdə bir şirkət açmışdım. Həmin şirkətlə xariciləri bura cəlb edirdim. Təbii ki, kommersiya marağı ilə. O zaman çox fəal idi. “EUROPEAN TOBACCO BAKU” ASC isə bir ərəb və fransız tərəfindən birgə alınmış proje idi. O zaman da özəlləşmə ilə əlaqədar köməkliyi mən edirdim. O zaman ulu öndər Heydər Əliyev deyirdi ki, zavodların, fabriklərin hamısı özəlləşsin. Ancaq təki işləsin. Vergini versin və insanlarımıza iş yerləri açılsın. Bu çox uzaqgörən bir siyasət idi. “EUROPEAN TOBACCO BAKU” ASC özəlləşdiriləndən sonra dedilər ki, 1-2 il sən rəhbərlik et. Mən də şirkətin rəhbərlərinə dedim ki, dərs deyəcəyəm. Sonradan da mənə dedilər ki, yenə idarə edim. Sözün açığı kim istəməz ki, böyük bir şirkəti idarə etməsin. O zaman məni çox günahlandırdılar. Hətta bir müxalifət qəzeti məni 4-5 dəfə məhkəməyə də verdi. Mənim adıma nə sənəd, nə də bir yerdə qol çəkib maaş almağımla bağlı bir sübut ortaya qoya bildilər.
- Rüfət müəllim, necə oldu ki, İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdınız?
- Mən iki il bundan öncə o vəzifədən ayrıldım. Belə bir söz var. Su bir yerdə qalanda iylənir. Düşündüm ki, kifayət qədər işləmişəm. Daha rahat həyat axtarırdım. Təbiidir ki, daha çox elmlə məşğul olmaq, xaricə getmək istəyirəm. Məni Norveçdəki Bodo Universiteti mühazirə oxumağa tam təminatla dəvət edib. İnsan gərək oturub düşünsün.
- Sualların ampluasını dəyişək. Deyəsən yaxşı yeyib-içən adamsınız.
- Bəli. Məclis xoşlayıram. Hər məclisin də maksimum 15 dəqiqəsindən sonra başındayam. İstər toy, istərsə də yas olsun. Yas mərasimlərində başıma adamlar yığılır. Başlayırlar mənə suallar verməyə.
- Dinlə bağlı suallar verirlər?
- Dinlə bağlı yox. Sizin müsahibədə verdiyiniz suallar kimi.
- Rüfət müəllim, ailəniz haqda da danışardınız.
- 2 oğlum, 1 nəvəm var. İstəyirdim ki, uşaqlarım həkim olsun. Ancaq dedilər ki, biz də atamızın yolu ilə getmək istəyirik. Oğlanlarımdan biri Amerika Universitetini Dubayda bitirdi və İspaniyada 1 illik MBA proqramı keçdi. Digər oğlum isə Qətərdə ali təhsil alıb. Hər iki oğlum hazırda Qətərdə işləyir. Böyük oğlum qiymətli kağızlar üzrə, kiçik oğlum isə daşınmaz əmlak üzrə böyük bir şirkətdə ekspertdir. Oğlanlarımla fəxr edirəm. Onlar daim öz üzərlərində işləyirlər. Deyirlər ki, 30-35 yaşlarında Azərbaycana qayıtmaq istəyirlər. Biz elə bir xalqıq ki, gec-tez vətənə qayıdırıq.