Helikopter şirkəti “Azəriqaz”la bağlı məhkəməyə müracət edib
Azərbaycanın aviasiya (əsasən helikopterlər) şirkətlərindən biri “ASG Helicopter Services” MMC ölkənin yeganə qaz təzhizatçısı “Azəriqaz” İstehsalat Birliyi barəsində kommersiya məhkəməsinə üz tutub.
ENA.az xəbər verir ki, şirkətlər arasında mübahisənin predmeti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir.
Aviaşirkət istehlak edilmiş təbii qazın haqqının ödənilməsi üzrə yaranmış mübahisəyə görə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
“ASG Helicopter Services” aviaşirkətinin vertolyotları hər il 150 mindən artıq sərnişin daşıyır.
Hazırda şirkətin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına “Sikorsky S-92A”, “Leonardo Helicopters AW139”, “AW109SP”, “MI 8 AMT”, “Airbus Helicopters AS-332L1”, “Airbus Helicopters EC-155B1”, həmçinin “Cessna” 172S tipli təyyarələr daxildir.
Aviaşirkət əsasən Xəzər dənizində SOCAR, ВР, TOTAL və Schlumberger kimi məşhur şirkətlərin işçi heyətinin daşınmasını da həyata keçirməkdədir.