Azərbaycan İranla sərhəddə elektrik enerjisi stansiyanın tikintisini müzakirə edir
Azərbaycan İranla sərhəd ərazidə İran qazından istifadə edilməklə elektrik enerjisi istehsalı üçün stansiyanın tikintisini təklif edir.
“Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov İran İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin energetika naziri Rza Ərdakanianla iki ölkə arasında elektroenergetika sahəsində əməkdaşlıq əlaqələrini müzakirə edib, həyata keçirilən layihələrin sürətləndirilməsi istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparıb”, - deyə Energetika Nazirliyinin məlumatında bildirilir.
Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə görülən işlər, o cümlədən cəlb edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması məsələləri nəzərdən keçirilib. Həmçinin Azərbaycan, İran və Türkiyə arasında elektrik enerjisi ticarəti məsələləri də müzakirə edilib, bu formatda əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
“Görüş zamanı Azərbaycandan İrana elektrik enerjisinin ixracı və Azərbaycanda İranla sərhəd ərazidə İran qazından istifadə edilməklə elektrik enerjisi istehsalı üçün stansiyanın tikintisi və bu stansiyada istehsal edilmiş elektrik enerjisinin İrana və üçüncü ölkələrə ötürülməsi, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsi üzrə aparılacaq bərpa-yenidənqurma işlərində İran şirkətlərinin iştirakı məsələləri barədə fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.
Səfər çərçivəsində P.Şahbazov İranın neft naziri Bijan Namdar Zəngənə ilə də görüşüb.
“Tərəflər OPEC+ üzrə əməkdaşlığın vəziyyəti və neft bazarının inkişafına dair müzakirələr aparıblar. Həmçinin neft qiymətlərinin sabitləşməsi prosesində birgə mövqedən çıxış edilməsinin vacibliyi və neft bazarının sabitliyinin davamlılığının hasilatın tənzimlənməsinin uzunmüddətli olmasını tələb etdiyi bildirilib”, - deyə məlumatda vurğulanır.