Putin ilə Makron Qarabağı müzakirə ediblər
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə edilib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Dağlıq Qarabağ ətrafındakı vəziyyət ətraflı nəzərdən keçirilib. Rusiya prezidenti regionda vəziyyətin sabitləşdiyini, Qarabağa dair 9 noyabr tarixli üçtərəfli bəyanatın ümumilikdə ardıcıl olaraq icra olunduğunu vurğulayıb”, - deyə məlumatda bildirilir.
Bakı və İrəvanın istəyi ilə atəşkəsi və mülki əhalinin təhlükəsizliyini təmin edən rusiyalı sülhməramlıların uğurlu işi qeyd olunub.
“Tərəflər Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri, xüsusən də ATƏT-in Minsk qrupu çərçivəsində koordinasiyanı davam etdirməyə qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər”, - deyə məlumatda qeyd olunur.