MALİYYƏ

Hökumət açıq şəkildə devalvasiya ehtimalı olduğunu etiraf etdi - SƏBƏBLƏR

Azərbaycan hökuməti Manatın ucuzlaşması ehtimalını əsas risk olaraq nəzərdə tutur. Dövlət Neft Fondundakı ehtiyatların qorunub saxlanılması, ölkədən çıxan valyutanın azaldılması və ixracın təşviqi üçün devalvasiyaya ehtiyac ola bilər.İndiyədək Azərbaycanın əksər iqtisadi qurumları devalvasiya söz-söhbətləri gündəmə gəldikdə bunu təkib edir, kifayət qədər imkanlar olduğu, Azərbaycanın neftin istənilən qiymətinə cavab verməyə hazır olduğu bildirilirdi. 

Dünən Maliyyə Nazirliyi  “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə dair izahat yaydı. İzahatda diqqəti cəlb edən devalvasiya ehtimalının qeyd edilməsidir.

Marja xəbər verir ki, izahatda “Azərbaycan manatının ABŞ dolları və digər əsas xarici valyutalara qarşı dəyərdən düşməsi ehtimalı” vurğulanır və bu ehtimalın ölkənin fiskal mövqeyi üçün əsas risk amillərindən biri olaraq qalmaqda olduğu bildirilir.

2021-ci ilin dövlət büdcəsi də 1 ABŞ dolları 1,7 manata bərabər tutularaq tərtib edilib. Buna görə, izahatda qeyd edilib ki, manatın məzənnəsinin xarici valyutalara qarşı zəifləmə ehtimalı dövlət büdcəsində xarici dövlət borcuna xidmət xərclərinin də proporsional olaraq artması riskini özündə ehtiva edir.

NEFT FONDUNDAKI EHTİYATLARI QORUMAĞIN YOLLARINDAN BİRİ DEVALVASİYA OLA BİLƏR

İzahatda digər diqqəti çəkən “neft qiymətlərinin aşağı düşməsi Dövlət Neft Fondunun gəlirlərini azaltmaqla aktivlərinin daha sürətlə tükənməsinə gətirib çıxara bilər” məlumatının verilməsidir. Dövlət Neft Fondu Mərkəzi Bankın təşkil etdiyi hərracda xarici valyuta sataraq aldığı vəsaiti dövlət büdcəsinə transfert edir. Neft qiymətlərinin aşağı qalması şəraitində Dövlət Neft Fondunun tükənməsi sürətinin azaldılmasının yollarından biri devalvasiya ola bilər. Dollar bahalaşarsa Neft Fondu büdcəyə manat ilə tranfert üçün daha az valyuta satacaqdır.

20%-Ə YAXIN DEVALVASİYA 1 MİLYARD DOLLARDAN ÇOX VƏSAİTƏ QƏNAƏT TƏMİN EDƏR

2021-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 12 milyard 200  milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilin proqnozu ilə müqayisədə eyni səviyyədədir. 12 milyard 200  milyon manat transfert üçün Neft Fondu 7 milyard 176 milyon dollar satmalıdır. Əgər Dollar 2 manata yüksələrsə (17,6% bahalaşarsa) 12 milyard 200  milyon manat transfert üçün 6 milyard 100 milyon dollar satmaq kifayət  edər. Beləliklə, 1 milyard 76 milyon dollar qənaət etmək olar.

AƏRBAYCANDAN ÇIXAN VALYUTA DAXİL OLANI ÜSTƏLƏYİR

Xəbər verdiymiz kimi, ötən ilin 9 aynda cari əməliyyatlar hesabında 4 milyard dollar profisit olduğu halda bu ilin eyni dövründə 208,3 milyon dollar kəsir yaranıb. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1 milyard 803,7 milyon ABŞ dolları təşkil edib. Halbuki ötən ilin eyni dövründə tədiyyə balasında 4 milyard 166,8 milyon dollarlıq qalıq yaranmışdı. Qısası, Azərbaycandan çıxan valyutanın həcmi daxil olan həcmi üstələyir. 

Devalvasiya, adətən, ölkələrin cari əməliyyatlar balansı kəsirini bağlamaq üçün apardığı bir siyasət kimi tanınır.

İqtisad ədəbiyyatda, “sabit valyuta məzənnəsi sistemlərində, dövlətin rəsmi valyuta məzənnəsini yüksəldərək, milli valyutasının dəyərini aşağı salması prosesi” kimi xarakterizə olunan devalvasiya, malların ixrac qiymətini xarici valyutada aşağı salır, idxal qiymətini isə milli valyutada artırır. Ona görə də, devalvasiya bir tərəfdən ixracı təşviq edərək valyuta gəlirlərini artırmaq, digər tərəfdən idxal mallarının ölkə daxilində tələbini azaldaraq valyuta qənaəti təmin etmək məqsədini güdür.

BAHA MANAT İXRACATÇILARA SƏRF ETMİR

Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının  uculaşması da manatın məzənnəsinə qarşı təzyiqi artırır. Manatın baha olması Azərbaycanın ixracatçılarına mənfi təsir edir. Qeyri-neft sektoru üzrə ixracın artırılması üçün də Manatın devalvasiya lazım ola bilər.

Sonda qeyd edək ki, neftin ucuzlşaması Azərbaycanın valyuta gəlirlərinin azalmasına səbəb olub. Digər tərəfdən, pandemiya, Qarabağın bərpası planı, sosial xərclərin artması hökumətin xərclərini artırır. Ölkənin valyuta ehtiyatlarını qoruyub saxlamaqla bərabər xərcləri də təmin etmək lazımdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)