“Rusiya Ermənistanın atəşkəsi pozmasının qarşısını almalıdır” - Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV24” kanalına müsahibəsində Qarabağda Rusiya-Türkiyə birgə müşahidə mərkəzinin qurulması və Ermənistan tərəfinin son günlər həyata keçirdiyi atəşkəs pozuntularına toxunub.
Çavuşoğlu müsahibəsində Qarabağda Ermənistan tərəfinin təxribatlarının qarşısının alınmasında Rusiya tərəfinin məsuliyyətini xatırladıb.
“Rusiya ilə müqavilələri imzaladıq. Digər tərəfdən meydanda atılacaq addımları ev sahibi Azərbaycanla müzakirə etməliyik. Ən qısa zamanda sözügedən müşahidə məntəqələrini quracağıq. Atəşkəsin qalıcı olması üçün lazımi addımları atacağıq. Bunun tez bir zamanda həyata keçirilməsində fayda var. Son günlər Ermənistan tərəfindən müəyyən pozuntular oldu. Azərbaycan bunun cavabını verdi, ancaq burada Rusiya tərəfinin də məsuliyyəti var. Rusiyanın da bu pozuntuları dayandırması lazımdır. Əks təqdirdə cənab Əliyev lazımı mesajı verib”,-deyə Çavuşoğlu müsahibəsində bildirib.