Qarabağ

Dövlət Komissiyası: Döyüş bölgəsindən 314 Azərbaycan, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb

"Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri əsir və girovların, meyitlərin humanitar məqsədlərlə dəyişdirilməsinin təmin olunmasıdır".

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

"Tərəflər ilk növbədə döyüş bölgəsində qalmış hərbçilərin meyitlərinin ərazilərdən götürülməsi prosesinə başlayıblar. Bu istiqamətdə işlər Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə həyata keçirilir. Proses başlayandan bu günədək döyüş bölgəsindən 314 Azərbaycan hərbçisinin, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb. Hazırda bu proses davam etdirilir", - o bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə humanizm prinsiplərindən çıxış edərək birtərəfli qaydada Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nın vasitəçiliyi ilə Dövlət Komissiyası cari ilin 29 oktyabr, 2 dekabr, 9 dekabr və 11 dekabr tarixlərində 9 ermənini qarşı tərəfə təhvil verib. Həmin proseslər zamanı Azərbaycan tərəfi humanizm prinsiplərinə hörmətlə yanaşaraq, ilk növbədə yaşlı insanları qeyd-şərtsiz azad edib, onların öz yaxınlarına qovuşmasını təmin edib".

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, keçirilmiş bütün humanitar proseslərdə bütövlükdə 54 erməni azad edilib: "Onlardan 6 nəfəri 2020-ci il sentyabrın 27-dən əvvəl Azərbaycan ərazisində saxlanılmış şəxslərdir. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə qoyub getdikləri ağır xəstə olan 2 nəfər yaşlı erməni mülki şəxs Azərbaycan tərəfindən yerləşdirildikləri xəstəxanada aldıqları müalicəyə və həkimlərin hərtərəfli səylərinə baxmayaraq, vəfat etdikləri üçün meyitləri beynəlxalq təşkilatların vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)