Bank kreditlərində "faiz hərarətini qaldıran" nələrdir?: TƏHLİL
Azərbaycanda bank kreditlərinin faiz dərəcəsinin yuxarı olması həmişə tənqid edilib. Niyə kreditlər bahadır. onun "tərkibində oturan" maddələr, səbəblər nədir? ENA.az-ın bununla bağlı sualları ətrafında İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi Xəyaləddin Tağıyevin təhlilini təqdim edirik. Təhlil aşağıdakı mövzular üzrə qruplaşdırılıb:
- bank kreditlərinin faiz dərəcəsinə təsir edən amillər;
- ölkəmizdə faiz dərəcəsinin yüksək olmasının səbəbləri;
- Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərindən istifadə etməklə binesə verilən kreditlər üzrə müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsinin 4 faizdən aşağı müəyyən edilməsi həmin kredit təşkilatları üçün səmərəli olub-olmamasının müəyyən edilməsi.
Bank kreditlərinin faiz dərəcəsinin müəyyən edilməsinə geniş mənada ölkədaxili və ölkədənkənar həmlələr, iqtisadi və siyasi faktorlar təsir göstərir. Biz əsasən iqtisadi amilləri təhlil edəcəyik. İqtisadi amillər özünü makro və mikro səviyyədə göstərir. Mürəkkəblik olmasın deyə makro və mikro səviyyədə deyil, bu amilləri ümumi şəkildə göstərəcəyik:
Faiz "hərarətini qaldıran" nələrdir?
Cəlb edilən depozitlərin faiz dərəcələri və bankın cəlb etdiyi vəsaitlərdə depozitlərin çəkisi. Məlum olduğu kimi, bankların cəlb etdikləri vəsaitlərin xeyli hissəsi depozitlər vasitəsi ilə formalaşır. İnkişaf etmiş ölkələrdə bankların cəlb etdiyi vəsaitlərdə depozitlərin çəkisi 30-40% təşkil edir. Ölkəmizdə isə bu göstərici 60-70% aralığında dəyişir. Burada depozitlərin sığortalanma dərəcəsi maraqlıdır. Ölkəmizdə 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12%, xarici valyutada isə 2,5% müəyyən edilib. Bu isə o deməkdir ki, bankın cəlb etdiyi vəsaitlərdə depozitin çəkisi yüksəkdirsə bu halda bank həmin depozitlər üçün müəyyən etdiyi faiz dərəcəsi kreditlərin faiz dərəcəsinə birbaşa təsir göstərən amil olacaqdır. Yəni əldə edilən vəsaitin maya dəyəri birbaşa depozitlərdən asılıdır.
Mərkəzi bankların uçot faiz dərəcəsi. Bildiyimiz kimi, ölkədə pul-kredit siyasətini mərkəzi banklar həyata keçirir. Pul siyasətinin həyata keçirilməsində istifadə edilən alətlərə faiz dərəcələrinin müəyyən edilməsi və kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi daxildir. Mərkəzi banklar müəyyən etdikləri uçot faiz dərəcələri ilə kredit təşkilatlarına kredit verir. İnkişaf etmiş ölkələrdə uçot faiz dərəcəsi bankların verdikləri kedit faiz dərəcələrinə birbaşa təsir göstərir. Azərbaycanda isə Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot faiz dərəcəsi kreditlərin faiz dərəcəsinə birbaşa təsir göstərə bilmir. Buna səbəb odur ki, bankların əldə etdikləri vəsaitlərdə Mərkəzi Bankın yenidən maliyyələşdirmə kreditlərinin çəkisi aşağıdır, bu göstərici təxminən 3-4%-ə bərabərdir. Məlumat üçün qeyd edək ki, inkişaf etmiş ölkələrdə uçot faiz dərəcəsi iqtisadi vəziyyətdən asılı olaraq 0-3.5% arası dəyişir, ölkəmizdə isə bu göstərici hazırda 7%-ə bərabərdir.
Banklararası kreditlər və ölkədənkənar cəlb edilən vəsaitlər. İnkişaf etmiş ölkələrdə bankların ən çox cəlb etdikləri vəsaitlər banklararası kreditlər əsasında formalaşır. Azərbaycanda isə təəssüflər olsun ki, bu alətdən demək olar ki, istifadə edilmir. Məhz buna görə də ölkəmizdə banklar izafi likvidlik yarandığı halda həmin vəsaiti Mərkəzi Bankın emissiya etdiyi notlara yerləşdirirlər. Ölkədənkənar cəlb edilən vəsaitlər də kreditin faiz dərəcəsinin müəyyən edilməsində ən vacib alətlərdən biridir. Məlumat üçün qeyd edək ki, 2015-ci il devalvasiyasına qədər bankların kredit qoyuluşlarında xarici öhdəliklərin çəkisi 28% olduğu halda 01.05.2020-ci il tarixinə bu rəqəm 16%-dir. Buna isə əsas səbəb milli valyutamızın xarici valytaya nəzərən dəyərsizləşdirilməsidir.
Qiymətli kağızlar və törəmə maliyyə alətlərində (derivativlər) kredit təşkilatlarının iştirakı. Məlumat üçün qeyd edək ki, dünyada maliyyə bazarının 75%-dən yuxarı hissəsi məhz qiymətli kağızlar və derivativlərlə əməliyyatlar əsasında həyata keçirilir. Təəssüflər olsun ki, ölkəmizdə bu bazar demək olar ki, yox səviyyəsindədir. Bu gün 26 kommersiya bankından yalnız altısı qiymətli kağızlar bazarında iştirak edir. Məhz buna görə də banklar əlavə vəsait cəlb edə bilmirlər. Qeyd edək ki, ölkədə əsasən Mərkəzi Bankın pul siyasətini həyata keçirmək üçün emissiya etdiyi notlar və Maliyyə Nazirliyinin istiqrazları ilə qiymətli kağız əməliyyatları aparılır.
Bankların əməliyyat xərcləri və fintexdən istifadə göstəricisi. Kreditlərin faiz dərəcəsinə birbaşa təsir göstərən amillərdən biri də bankın əməliyyat xərcləridir. Bura bankn fiziki olaraq binasının saxlanılması, işçilərin əmək haqları, infrastrukturun qurulması, yeniliklərin izlənilməsi, fiziki olaraq bank xidmətlərinin müştərilərə göstərilməsi və s. kimi xərclər daxildir. Qeyd etmək lazımdır ki, banklar nə qədər fintexlərdən istifadə edirsə, bank əməliyyatlarının avtomatik emal əmsalını artırırsa, əməliyyatların elektronlaşdırılmasın təşkil edirsə o halda əməliyyat xərcləri aşağı düşür. Nümunə olaraq, qeyd edək ki, ABŞ-da bir bank xidmətinə çəkilən xərc bank filialında təxminən 1,07 dollara, telefon bankçılıq vasitəsilə 0,54 dollara, terminal bankçılıqla (bankomat) 0,27 dollara, internet bankçılıqla isə 0,015 dollara başa gəlir. Finlandiyada “Nordea Bank”da bir bank xidmətinə çəkilən xərc təxminən bank filialında 1 dollara, internet bankçılıq vasitəsilə isə 0,11 dollara başa gəlir. Estoniyada “Swedbank”da bir bank xidmətinin xərci bank filialında 9-12 Estoniya kronuna, telefon bankçılıq vasitəsilə 0-6 Estoniya kronuna, internet bankçılıq vasitəsilə isə 0-3 Estoniya kronuna başa gəlir. Məlumat üçün bildiririk ki, ölkəmizdə banklar müştərilərə internet və mobil bankçlıq xidmətləri göstərirlər, lakin bundan istifadə göstəricisi çox aşağıdır. Buna səbəb isə infrastruktur imkanların aşağı səviyyədə olması, fiziki bankçılıqla müqayisədə elektron bankçılıq xidmətləri üzrə xidmət haqlarının aşağı olmaması, əhalinin banklara inamının aşağı olması, əhalinin maarifləndirmə səviyyəsinin aşağı olması və s. aiddir. Ölkəmizdə əməliyyat xərcləri təxminən kredit faiz dərəcəsinin 3-4%-i qədər olduğu qeyd edilir.
Problemli kreditlərin kredit portfelində çəkisi. Hər bir ölkərdə banklar verdikləri kreditləri tam şəkildə geri qaytara bilmir. Problemli kreditlərin çəkisinin yuxarı olması bankın ümumi xərclərini artırır və sonda bank kredit spredini (depozit faiz dərəcəsi ilə kredit faiz dərəcəsi arasındakı fərq) artırmaq məcburiyyətində qalır. Lakin zəncirvari olaraq faiz dərəcəsinin yüksək olması yenidən problemli kreditlərin yaranması ehtimalını çoxaldır. Ölkəmizdə hazırda kredit portfelinin 8-10%-i problemli kreditlərdir, lakin bunun azalması istiqamətində bir sıra tədbirlər görülüb və hazırda da davam edir.
İnstitusional mühit. Kredit faiz dərəcələrinə təsir edən ən mühüm amillərdən biridir. Bura məhkəmə-hüquq sistemi, siyasi sabitlik, əlverişli biznes mühiti, vergi sistemi, sosial müdafiə sistemi və s. aid edilir. Məsələn: bank kredit verdikdə girov cəlb edir və məhkəmə sistemi düzgün işləmədikdə bank vəsaiti vaxtında geri qaytara bilmir, son nəticədə bankn xərcləri artır. İqtisadiyyatın real sektorunda risk yüksək olduqda banklar biznes kreditlərinin əvəzinə istehlak kreditləri verməyə üstünlük verirlər.
Əhalinin banklara inam və etibar səviyyəsi. Əslində bu ən vacib amildir. Çünki əhali banklara etibar etmədikdə banklar məcburi qaydada depozitlərin faiz dərəcəsini artırırlar ki, pul vəsaiti cəlb edə bilsinlər. Bu isə birbaşa olaraq kredit faiz dərəcəsini artırmış olur. Həmçinin banklara inam yüksək olduqda əhali pulları banklarda saxlayır ki, bu da əlavə ucuz kredit mənbəyi yaradır və bankda kifayət qədər likvid vəsait olur.
Kredit faiz dərəcəsinə təsir göstərən amillərin siyahısını artırmaq olar. Lakin əsas məqamları qeyd etdik.
Nə üçün Azərbaycanda bankların kredit faiz dərəcəsi yüksəkdir?
İndi isə araşdırmanın ikinci hissəsinə keçək. Hazırda ölkədə iqtisadiyyatın inkişafının qarşısını alan ən təsirli amilin kredit faiz dərəcəsinin yüksək olduğu bildirilir. Doğrudan da maraqldır: nə üçün Azərbaycanda bankların kredit faiz dərəcəsi yüksəkdir. Əslində birinci hissədə kredit faiz dərəcəsinə təsir göstərən amillər təhlil edildi. Ölkəmizdə kredit faiz dərəcəsinin yüksək olmasına birbaşa təsir edən amilləri göstərək:
- Yuxarıda da qeyd edildiyi kimi, Azərbaycanda milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12%-dir, bank bu faiz ilə depozit cəlb edirsə və ölkədə bankların cəlb etdikləri vəsaitlərin 60-70%-ni depozitlər təşkil edirsə deməli bankların kredit faiz dərəcəsi bundan yuxarı olmalıdır. Hazırkı vəziyyətdə əhalinin banklara olan inam və etibarı aşağı olduğu üçün əhali banklarda olan pullarını çıxarmağa meyl edir, bu isə işi daha da qəlizləşdirir.
- Banklar ucuz pul vəsaiti cəlb edə bilmirlər, buna əsas səbəb odur ki, devalvasiya baş verdiyi üçün milli valyuta xarici valyuta qarşılığında ucuzlaşmış və dollar yaxud avroda kredit cəlb etmək səmərəsiz olmuşdur. Həmçinin bankların cəlb etdikləri vəsaitlərdə Mərkəzi Bankın yenidən maliyyələşdirmə kredit dərəcəsi 3-4% civarındadır ki, bu da çox aşağı göstəricidir.
- Problemli kreditlərin yüksək olması və ümumi olaraq kreditlərin qaytarlma riskinin yüksək olmasıdır. Ölkəmizdə hazırda kredit portfelinin 8-10%-i problemli kreditlərdir ki, bu da kredit portfelinə cəlb edilən resursların dəyərini qaldırır.
- Əməliyyat xərclərinin yüksək olması da kreditin faiz dərəcəsinin yüksəlməsinə səbəb olan amillərdəndir, çünki bank xidmətlərinin tam avtomatlaşdırılmaması, rəqəmsal ödənişlərin inkişaf etməməsi, elektron bankçılıq xidmətlərindən geniş istifadə edilməməsi əməliyyat xərcini böyüdür.
- Banklar tərəfindən əlavə komissiya haqqının, sığortanın, nağdlaşdırma komissiyasının tətbiq edilməsi krediti daha da bahalaşdırır.
- İnstitusional mühitin inkişaf etməməsi də kreditin faiz dərəcəsinin yüksəlməsinə səbəb olmuşdur. Bu barədə yuxarıda qeyd edilmişdir.
Hesab edirik ki, bu siyahını artırmaq olar, lakin əsasları qeyd etdik.
Bank 1%-ə aldığı kreditin üzərinə niyə 4% qoyur?
İndi isə üçüncü hissəni təhlil edək. Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaitlərindən istifadə etməklə biznesə verilən kreditlər üzrə müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsinin 4 faizdən aşağı müəyyən edilməsi həmin kredit təşkilatları üçün səmərəlidirmi? Məlum olduğu kimi, iqtisadiyyatın real sektorunu inkişaf etdirmək üçün bu sektora investisiya – ucuz pul vəsaiti yatırmaq lazımdır. Məhz buna görə də dövlət tərəfindən həm SİF, həm də Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aşağı faizlə biznes kreditləri verilir. “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na əsasən SİF-in kreditlərinin illik faiz dərəcəsi 1 faiz, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4 faizdən artıq olmamaq şərti ilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizədək müəyyən edilir. Yuxarıda qeyd edildiyi kimi, banklar depozitlər cəlb etdiyi halda kreditlərin maya dəyəri artır, lakin SİF tərəfindən verilən vəsaitlər zamanı banklar vasitəçilik funksiyasını yerinə yetirdiyi və bu vəsaitlər bankın öz vəsaiti olmadığı üçün banklar üçün bu vəsaitlərin maya dəyəri ucuz olur. Düzdür, bu kreditlərin verilməsi zamanı bank qiymətləndirmə aparır, kreditin geri qaytarılma riskini müəyyən edir, nəticədə bank resurs sərf edir, həmçinin verilmiş kreditin qaytarılmaması riski mövcuddur. Mərkəzi Bank tərəfindən verilən məlumata görə 01.05.2020-ci il tarixinə problemli biznes kreditlərinin həcmi 1232 mln. manat təşkil edir. Bu göstərici ümumi bankların kredit portfelinin 8.4%-i edir. İnstitusional mühit inkişaf etmədiyi üçün kreditin geri qaytarılma ehtimalı da aşağı düşür. SİF tərəfindən verilən məlumatlara görə 01.06.2020-ci il tarixinə fondun kredit portfeli 1 mlrd. manat, problemli kreditlərin həcmi isə 236 mln manatdır ki, bu da kredit portfelinin 24%-ni təşkil edir. Göründüyü kimi, biznes kreditləri üzrə problemlər daha ciddidir və nəzərə alsaq ki, bu kreditlərin geri qaytarılması kredit təşkilatlarının məsuliyyətinə düşür, bu hal kredit təşkilatlarının biznes krediti üzrə maya dəyərini artırır. Əslində nəzəri olaraq, kreditin faiz dərəcəsi nə qədər aşağı olarsa, problemli kreditlərin çəkisi də o qədər aşağı olmalı idi. Lakin bu halda görünür ki, iqtisadiyyatda risk yüksək olduğundan kreditlərin qaytarılma riski də yüksək olur.
Banklar tərəfindən aparılan araşdırmalara görə problemli kredit yaranmadıqda bankın krediti müştəriyə təqdim etməsində ümumi kredit məbləğinin 1%-i həcmində, problemli kreditlərin isə 4-5%-i həcmində xərc yaranır. Kreditlər annuitet faiz dərəcəsi ilə hesablandığı üçün tutaq ki, 100 manat üçün illik bank SİF vəsaiti hesabına verdiyi kreditdən 4%-lə 2.18 manat gəlir əldə edir. Yuxarıda qeyd edildiyi kimi, məbləğin 1%-i ümumi xərcdir ki, bu 0.54 manat edir. SİF kreditləri üzrə problemli kreditlər 24% təşkil edirsə, deməli 24 manatın 4%-ni hesablamalıyıq, bu məbləğ 0.52 manat edir. Gəlirdən xərci çıxaraq mənfəəti hesablayaq. Deməli 2.18 manat gəlirdən 1.06 manat çıxdıqda 1.12 manat mənfəət qalır. Banklara SİF tərəfindən verilən kreditlərə 4% əvəzinə 3% verildiyi halda 2.18 manat gəlirin əvəzinə 1.63 manat gəlir qalır və bu məbləğdən də xərci çıxdıqda 0.57 manat gəlir qalır. Deməli bankların mənfəəti iki dəfə aşağı düşür.