Azərbaycanın Gürcüstandakı yatırımlarının ümumi həcmi məlum oldu
Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərib. Bu qayğı, bundan sonra da davam edəcək.
Bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş vebinarda söyləyib.
Diplomat bildirib ki, müstəqillik əldə edildikdən sonra Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına bu günədək 3,6 milyard ABŞ dollarından artıq investisiya qoyulub, həmçinin Gürcüstanın ən böyük vergi ödəyicisi olan SOCAR şirkəti bu ölkədə, xüsusilə azərbaycanlılar yaşayan regionlarda orta məktəblər, uşaq bağçaları, idman zallarının və digər sosial obyektlərin təmir-tikintisini həyata keçirib, eləcə də həmin şirkət tərəfindən “1+4” proqramı ilə Gürcüstanın ali təhsil müəssisələrində oxuyan 3 minədək soydaşımızın təhsil haqları ödənilib.
Gürcüstan universitetlərini uğurla bitirmiş 800-dən çox soydaşımız son illər ərzində müxtəlif dövlət və hökumət strukturlarında, özəl şirkətlərdə işlə təmin olunub.