Azərbaycan pomidor müəssisələrində zərərvericinin olduğunu təsdiqlədi - Rosselxoznadzor
Azərbaycan tərəfi pomidor yetişdirilən kənd təsərrüfatı müəssisələrində Cənubi Amerika pomidor güvəsinin tapıldığını təsdiqlədi. Bu barədə Rosselxoznadzor, xidmət rəhbərinin müavini Yuliya Shvabauskene ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında aparılan danışıqlardan sonra məlumat yayıb.
Rusiya mətbuatının yazdığına görə, rəsmilər Rusiya tərəfindən dekabrın 10-dan Azərbaycandan pomidor və alma idxalına qoyulan qadağa ilə bağlı məsələləri müzakirə ediblər.
Azərbaycan tərəfi respublika ərazisində monitorinq aparıldığı barədə məlumat verib. Rosselxoznadzor azərbaycanlı həmkarlarından zərərvericilərin aşkarlanması ilə bağlı monitorinqin nəticələrini gözlədiyini bildirib və rəsmi Bakıya təklif edib ki, Azərbaycandan Rusiyaya ixrac edilən pomidor və almanı bölgələr üzrə sistemləşdirsin. Bu prinsip ziyanvericilərin tapılmadığı rayonlardan məhsulun ixracını mümkün edə bilər.
Qeyd edək ki, Azərbaycan Rusiyaya pomidor tədarükçüləri arasında liderdir. Meyvə və Tərəvəz Birliyinin məlumatına görə, 10 ay ərzində Azərbaycandan 171 min ton pomidor idxal edilib və onun dəyəri 190 milyon dollardır. Beləliklə, Azərbaycan sahibkarlarının Rusiya Federasiyasının pomidor idxalında payı bu il 38%-ə çatıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqroanalitika Mərkəzinin məlumatına görə, 2019-cu ildə Rusiyanın tədarük etdiyi ümumi 558,5 min ton pomidorun 172,3 min tonu Azərbaycandan alınıb.
Eyni zamanda, Rusiya Federasiyasına alma tədarükündə Azərbaycanın payı yalnız 4-5% həcmində qiymətləndirilir.