Sığorta

Əmanətlərin qaytarılmasının təmin edilməsi qaydası dəyişir: Fərdi sahibkarlara ŞAD XƏBƏR

Əmanətlərin qaytarılmasının təmin edilməsi qaydası dəyişir. Bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən və birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Belə ki, qanun layihəsinə əsasən, Mülki Məcəllənin 950.1-ci maddəsində Nizamnamə kapitalında iştirak paylarının və ya səhmlərin əlli (50) faizindən çoxunun Azərbaycan Respublikasına və ya bələdiyyələrə mənsub olduğu bank tərəfindən fiziki şəxslərin əmanətlərinin qaytarılması üzrə subsidiar məsuliyyət haqqında müddəanın çıxarılması təklif olunur. 

Dəyişikliklərə görə, bundan sonra sığorta sisteminə əhalinin əmanətləri ilə yanaşı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin 20 min manatdan çox olmayan əmanətləri də daxil olacaqdır.

Bundan əlavə, vətəndaşların notariusların depozit hesablarındakı vəsaitləri tam sığortalanmışdır.

Qeyd edək ki, qanuna dəyişikliklə fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılır. Həmçinin fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması (kompensasiya məbləği 20 min manat müəyyən edilməklə) təklif olunur.

Xatırladaq ki, hazırda bank əmanətləri “Əmanətlərin sığortalanması haqqında” qanun əsasında yaradılmış əmanətlərin sığortalanması sistemi vasitəsilə icbari qaydada sığortalanır və bankların defolt halında Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya olunur.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)