Sənaye

Dövlət Neft Fondundan büdcəyə əlavə pul köçürüləcəkmi? - RƏSMİ MÖVQE

Neftin qiymətindəki dəyişikliklər, eyni zamanda ixracın həcmindəki azalmalar büdcə daxilolmalarında azalmaya səbəb olub. Bu halda Azərbaycan hökumətinin yenidən “ehtiyat yastığı”olan Dövlət Neft Fondunun vəsaitlərinə müraciət edib-etməyəcəyi məsələsi gündəmə gəlib.

ENA.az-ın bununla bağlı sorğusuna cavab olaraq Dövlət Neft Fondundan bildiriblər ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə 2020-ci il üzrə təsdiqlənmiş büdcəsində dövlət büdcəsinə transfertin yuxarı həddi ilə bağlı xərc maddəsi 11,35 milyard manat səviyyəsində təsdiq olunmuşdu. Prezidentin ARDNF-nin büdcəsinə dəyişiklik edilməsi ilə bağlı 31 avqust  2020-ci il tarixli Fərmanına əsasən transfertin həcmi 12,2 milyard manata qədər artırılıb. “30 noyabr 2020-ci il tarixinə qeyd olunan xərc maddəsi üzrə icra səviyyəsi 90,9% və ya 11,084 milyard manat təşkil etmişdir və əlavə tranşın olması gözlənilmir”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarının yekununa görə, büdcədə 515 milyon manat kəsir yaranıb. Yanvar-sentyabr aylarında isə kəsir 700 milyon manata yaxın idi. Büdcədə neftin qiymətinin 35 dollar nəzərdə tutulması və bazarda neftin daha əlverişli qiymətlərlə, ortalama 42-44 dollara satılması büdcənin vəziyyətini qismən düzəltmişdi və görünür bunun nəticəsində rəsmi elan edilən kəsir azalıb. 

"Fitch" beynəlxalq kredit reytinq agentliyi Azərbaycanın yenidən baxılmış 2020-ci il üzrə dövlət büdcəsinin kəsiri üzrə proqnozunu 2,3%-dən 12,4%-ə qaldırıb.

Agentliyin hesabatına görə, Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) büdcəyə planlaşdırılan köçürmənin artırılması son aylar manata olan təzyiqləri azaltmalı və mövcud məzənnəni (1,7 AZN/USD) saxlamağa imkan yaratmalıdır.

“Maliyyə kəsirinə ciddi mənfi təsir göstərməsinə baxmayaraq, böyük qənaətlər Azərbaycana əhəmiyyətli dərəcədə maliyyələşdirmə çevikliyini təmin edir. Konsolidə edilmiş büdcə kəsiri ilk növbədə ARDNF-in aktivlərinin azaldılması və hökumətin vahid xəzinə hesabındakı iri pul depozitləri hesabına maliyyələşdiriləcək", - deyə "Fitch" bəyan edib.

"Fitch" hesab edir ki, ARNDF-in aktivləri bu ilin iyun ayının sonuna 43,2 milyard ABŞ dolları səviyyəsində qərarlaşıb. Ölkənin nominal ÜDM-nin ABŞ dolları ilə ifadədə azalması və portfelin əsasən xarici valyutada olması ilə ARDNF-in aktivləri ÜDM-in 85%-ni keçəcək.

Nəticə etibarı ilə, bu il bir çox fondlarda borc/ÜDM nisbətində böyük artımlar olması proqnozlaşdırılsa da, Azərbaycanın ümumi dövlət borcunun ÜDM-ə nisbətinin cəmi 4 faiz bəndi artaraq 23%-ə çatacağı gözlənilir, bunun da çox hissəsi məxaricdəki kəskin azalmadan qaynaqlanacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)