2015-dən bu tərəfə Azərbaycanın avtomobil parkı kəskin köhnəlir
Azərbaycanda avtomobil parkında yeni avtomobillərin sayı kəskin azalmaqdadır. Banker.az bildirir ki, 1 yanvar tarixinə olan göstəriciyə görə, 1 milyon 214.1 min cəmi avtomobil olub.
Bu avtomobillərin isə 51.17 mini 5 ilə qədər, 223.89 mini 5-10 il arası, 939.03 mini isə 10 ildən çox istismar ilinə malik olanlar təşkil edir. 1 yanvar 2019-cu ildəki rəqəmlərə nəzər yetirdikdə məlum olur ki, 1 yanvar 2020-ci il tarixinə 5 ilə qədərə istismar müddəti olan avtomobillərin sayı 29.2% azalmış, 5-10 il arası isə 10.8% və 10 ildən yuxarı 4.8% artmışdır.
Avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfər deyir ki, Azərbaycanda avtomobil parkının yenilənməsi ilə bağlı bir neçə konkret təkliflər olsa da təəssüf ki bugünə qədər heç bir konkret addım atılmayıb.
“Bu işə məsul qurumlar elə bil ki, bu məsələni tamamilə iqnor ediblər. Azərbaycan faktiki olaraq köhnə, tullantı avtomobillərin məskəninə çevrilib. Gürcüstan bazarındakı yararsız maşınların hamısı Bakıya daşınır, Rusiya istehsalı olan, heç bir müasir Avropa təhlükəsizlik standartlarına cavab verməyən, keyfiyyətsiz köhnə avtomobillər belə ölkəmizə daşınır”.
2015-ci ildən neftin qiymətindəki kəskin azalmadan sonra ölkədə valyuta axını azalmışdı. Həmin azalma müddətində isə ölkədə iki dəfə milli valyuta ucuzlaşıb. Həmin tarixdən sonra ölkəyə yeni avtomobillərin gətirilməsi böyük fərqlə kiçilmişdir. Həmin tarixdən bu günə qədər isə bu azalma tendensiyası davam edir. Məsələn, 1 yanvar 2015-ci il tarixində Azərbaycanda istismar müddəti 5 ilən aşağı olan 186.65 min avtomobil olub. Bu rəqəm ardıcıl iki devalvasiyadan sonra 5.9%, sonrakı illərdə illər üzrə müvafiq (2015-2020) 19.3%, 27.3%, 29.8%, 29.2% azalıb.
İstismar müddəti 5 ilə qədər avtomobillərin hazırkı sayı ilə münasibətdə beş il öncəki rəqəmlər 3.6 dəfə çoxdor.