Binəqədinin icra başçısını yeni müavin təyin edildi
Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.
ENA.az xəbər verir ki, müvafiq əmrlə Süleymanova Sevinc Məmməd qızı Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.
Qeyd edək ki, S.Süleymanova 31 avqust 1975-ci ildə Oğuz rayonunda anadan olub. 1997-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Slavyan Universiteti) Rus dili və ədəbiyyatı ixtisasını, 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunda ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə tam yenidənhazırlanma kursunu, 2012–ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakultəsini fərqlənmə diplomu ilə bitirib.
2011-ci ildən Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Qadınlar Şurasının İdarə Heyətinin üzvüdür.
O, 1998-2019-cu illərdə Bakı şəhəri Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini işləyib. 2019-2020-ci illərdə Gənclər və İdman Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb.