Gəncəyə 10 milyon avro kredit ayırıldı
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gəncə şəhərində bərk tullantıların toplanması infrastrukturunun modernləşdirilməsi (tullantıların toplanması və küçə təmizlənməsi üçün maşınlar və konteynerlər) məqsədilə Azərbaycan hökumətinə 10 mln. avro məbləğində kredit ayırıb.
Bankdan verilən məlumata görə, əməliyyat və maliyyə səmərəliliyinin yaxşılaşdırılmasının da daxil olduğu layihəni Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi icra edəcək. Borcalan – Maliyyə Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan dövlətidir. Kreditin təsdiqlənmə tarixi 15.12.2020-ci ildir.
Qeyd edək ki, layihənin əsas məqsədi – Gəncə şəhərində tullantıların toplanması xidmətinin ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartları baxımından yaxşılaşdırılmasıdır. Hazırda layihə konsepsiya yoxlamasından keçib və yekun yoxlamanı gözləyir.
Bu ilin mart ayında AYİB Azərbaycan hökuməti ilə Gəncə şəhərində təkmilləşdirmələrlə bağlı birgə fəaliyyətə dair razılığa gəlib. Bank uğurlu şəhər dayanıqlılıq proqramı çərçivəsində ətraf mühit problemlərinin aşkar edilməsi, prioritetləşdirilməsi və həlli üçün “Yaşıl Şəhər” üzrə Tədbirlər Planının işlənib hazırlanmasında Gəncə şəhərinə kömək edir.
AYİB həmçinin şəhərin küçə işıqlandırma sisteminin, şəhəri nəqliyyatı, su və çirkab su ilə bağlı xidmətlərin, bərk tullantıların idarə edilməsi, mərkəzi istilik sistemi və bərpa olunan enerji infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi ilə bağlı layihələri maliyyələşdirməyə hazır olduğunu bildirmişdi və hazırkı layihə sözügedən təşəbbüs çərçivəsində reallaşır.
Xatırladaq ki, AYİB bu günə qədər Azərbaycana 172 layihə üzrə 3,4 mlrd. avroya yaxın maliyyə vəsaiti ayırıb. Hazırda bankın Azərbaycandakı aktiv portfeli 38 layihə üzrə 1,4 mlrd. avro təşkil edir. Bundan başqa, AYİB kiçik və orta biznesə məsləhət xidmətləri və 1 000-dən çox şirkətə isə dəstək göstərir.