Azərbaycanda idxal və ixrac həcmi azalıb: xarici ticarət dövriyyəsi nəyi göstərir?
2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu 3 milyard 466 milyon 667 min dollar təşkil edib. Bu 2019-cu ilin eyni dövrü ilə müqayisədə 35,4% azdır.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 21 milyard 1 milyon 380 min dollar olub.İxracın həcmi 12 milyard 234 milyon 23 min dollar, idxalın həcmi 8 milyard 767 milyon 356 min dollar olub. Ötən ilki həcm ilə müqayisədə hər iki kateqoriya üzrə müvafiq olaraq 27,3%, 23,5% azalma baş verib.
Maraqlıdır ki, ixrac edilən malların çeşidlərinin sayı 2 850-ə düşüb. Halbu ki, 2019-cu ilin yanvar-oktyabr dövründə 2917 ədəd idi.
2019-cu ildə dövlət sektorunun ixrac edilən malların məbləği 10 092 837.39 min manat olduğu halda, 2020-ci ildə 5 769 816.87 min manat təşkil edib. Yəqin ki, bu göstəricidə neft məhsullarının qiymətinin ucuzlaşması mühüm faktordur.
İxracda 88,19% neft-qaz sektoru məhsullarının payına düşür. İdxalda 15,2% ərzaq məhsullarının, 0,8% tütün və tütün məhsullarının, 3,47% əczaçılıq məhsullarının, 0,99% gübrələrin, 3,28% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,51% odun və agac məhsullarının, 2,02% geyim və geyim aksessuarlarının, 9,29% qara metal və ondan hazırlanan məmulatların, 23,58% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 13,65% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,72% mebelin, 24,49% digər məhsulların hesabına formalaşıb.
Yanvar-oktyabr aylarında xarici ticarət əməliyyatlarında 7,655 min özəl və dövlət müəssisəsi və 31,441 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 182 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.