Sosial iqtisadiyyat

Azərbaycan erməni əsilli terrorçunu beynəlxalq axtarışa verdi

Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "ENA"ya verilən məlumata görə, həyata keçirilən bu tədbirlərin davamı kimi, Fransa Respublikasının vətəndaşı, Parisdə zorakılığın əsas təhrikçisi olan Fransanın ekstremist “Zouaves Paris” (ZVP) qruplaşmasının lideri, özünü sosial şəbəkələrdə faşist adlandıran və terroristik qruplaşma olan “SS” faşist təşkilatının simvolikasından istifadə edən Marc de Cacqeray-Valmenier-in (Mark De Kakkere-Valmenirin) və digərlərinin Azərbaycan Respublikasının ərazisində törətdiyi cinayət əməllərinə dair toplanmış materiallar, habelə kütləvi informasiya vasitələri və sosial media səhifələrində aşkar edilmiş məlumatlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılmışdır.

Araşdırmalarla qeyd olunan cinayətkar birlik və üzvlərinin 2020-ci ilin oktyabr ayında Ermənistanın aidiyyəti dövlət qurumlarının təşkilatçılığı və dəstəyi ilə Ermənistana gələrək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan digər şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik halında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın siyasi-hərbi rejimi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilmişdir.

Bundan başqa, cinayətkar birlik üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə, habelə döyüş əməliyyatlarında iştirak etməyən dinc sakinlərə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilmişdir.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilmişdir.

Hal-hazırda qeyd edilən cinayət işi ilə əlaqədar Baş Prokurorluq tərəfindən Fransanın aidiyyəti dövlət qurumlarına hüquqi yardımın göstərilməsi haqqında vəsatət hazırlanır.

Eyni zamanda, xəbər verildiyi kimi, Ermənistan Respublikasının vətəndaşı Vladimir Vartanov və qeyrilərinin müxtəlif ölkələrin vətəndaşları olan erməni əsilli və digər şəxslərdən ibarət “VoMa” ("Voxj Mnalu Arvest" - sağ qalmaq sənəti) adı altında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmə yaratmaları, birləşmə üzvlərinə terrorçuluq məqsədilə təlim keçmələri, işğal olunmuş ərazilərimizdə terrorçuluq əməllərini törətmələrinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən başlanmış cinayət işi üzrə Vladimir Vartanov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, məhkəmənin qərarı ilə barəsində qiyabi həbs seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilmişdir.

Hazırda hər iki cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.a

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)