Erməni milyonçunun Paşinyana məktubu Ermənistanı silkələdi
Rusiyada yaşayan erməni milyonçu, “Monarx” şirkətinin baş direktoru, texniki elmlər doktoru Sergey Ambartsumyan Ermənistan Baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edib.
Erməni mediasında yayılan məktub ölkədəki vəziyyəti tam aydınlaşdırmaqla bərabər, cəmiyyətdə böyük rezonans doğurub.
“Dalandan çıxmaq üçün variant” adı ilə yayılan müraciətdə Ambartsumyan Paşinyana müraciətlə qeyd edib ki, 2018-ci ildə xalq heç də sənin xidmətlərinə görə deyil, əvvəlki hakimiyyətə səmimi etirazına görə ardınca gedib:
“Onlar daha ədalətli və perspektivli dünyada, xoş və işıqlı aurada yaşamaq üçün sizin ardınızca getdilər və əminəm ki, siz də buna inanırdınız.
Mən hakim deyiləm və son 2,5 ildə baş verənləri qiymətləndirməyə hazırlaşmıram – buna daha sonra xalq qiymət verəcək. Ancaq siz təsdiqləyə bilərsiniz ki, bütün xalq artıq bizim çıxılmaz vəziyyətdə olduğumuzu, tam krizis durumuna düşdüyümüzü görür”.
1992-ci ildə də ağır vəziyyətə düşdüklərini, buna baxmayaraq, “qalib gəldiklərini” xatırladan Ambartsumyan Rusiyasız heç nəyi həll etməyin mümkün olmadığını bildirib. Ona görə də şirkət direktoru təklif edib ki, Paşinyan təcili vəzifədən getməli və hakimiyyəti Rusiyanın etibar etdiyi şəxsə verməlidir.
“Tam dəqiqdir ki, Ermənistanın hazırda düşdüyü ciddi problemləri siz həll etmək imkanında deyilsiniz. Siz hakimiyyəti kritik situasiyada xalqı konsolidasiya edə bilən liderə verməlisiniz”.
Sonda Ambartsumyan qeyd edib ki, siyasətlə məşğul olmur, sadəcə, hazırkı çıxılmaz dalandan çıxış yolu kimi bunu təklif edir.
Qeyd edək ki, məktubun erməni rəsmi mediasında da dərc edilməsi artıq hakimiyyət böhranının və ölkənin çıxılmaz duruma düşməsinin etirafı kimi qəbul olunur. Hazırda Ermənistanda ciddi şəkildə müzakirə edilən məsələlərdən biri də Paşinyanın hakimiyyəti hərbçilərə təhvil verməsidir. Bu isə ordu rəhbərliyində hərbi çevriliş hazırlığı haqda məlumatların yayılmasına səbəb olub.
Nikol Paşinyanın son iki gündə hüquq-mühafizə orqanları, o cümlədən təhlükəsizlik xidməti rəhbərliyindən bir neçə nəfəri istefaya göndərməsi də bununla əlaqədardır. Ehtimal olunur ki, Paşinyan hərbi çevrilişdən çox narahatdır.