Azərbaycanın pul nişanında dəyişiklik olacaq - "Qarabağ Azərbaycandır!"
Azərbaycanın milli valyuta əskinaslarının modernizasiyası davam etdiriləcək. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun sözlərinə görə, Qarabağ mövzusuna həsr edilən 20 manatın üzərindəki “Qarabağ” sözü “Qarabağ Azərbaycandır!” nidası ilə əvəz olunacaq.
“Qələbə çalacağımız gün çox uzaqda deyil. Biz əvvəlcədən də bir sıra yubiley monetləri çap etməyi planlaşdırmışdıq. Ancaq bu günlər proqramı daha da genişləndirməyə qərar verdik və geniş təkliflərimizi hökumətə təqdim edəcəyik. “Qarabağ bizimdir” mövzusunda xatirə sikkəsini buraxmağı təklif edirik. “Əzəmətli Qarabağ atı”, “Şuşa Azərbaycanın mədəni beşiyidir” mövzularını təklif etmişik. Qardaş Türkiyə ilə bağlı “Bir millət iki dövlət” konsepsiyası var. Çanaqqala bizim üçün nə qədər əziz bir mövzudur bunu bilirsiniz. Çanaqqala məzarlığında 250 min türk şəhidi ilə birlikdə 3 min azərbaycanlı şəhidi qucaq-qucağa yatır. Biz təklif edirik ki, Çanaqqalanın 105 illiyinə həsr olunmuş yubiley moneti buraxılsın”.