Azərbaycana gətirilən avtomobillərin sayı artıb
2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 38 min 632 ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu avtomobillərin gömrük dəyəri 462 milyon 654 min dollar təşkil edib. Dövlət Gömrük Komitəsinin bu məlumatlarını ötən ilin eyni dövrü ilə müqayisə etsək, idxal 25% artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – 401 milyon 684 min dollar dəyərində 36 min 36 ədəd avtomobil sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşür. Bu isə 29,5% artım deməkdir. Həmçinin, 8 milyon 20,48 min dollar dəyərində 142 ədəd elektrokar və 20 milyon 926,15 min dollar dəyərində 3,678 min ədəd hibrid avtomobili gətirilib.
2020-ci ilin yanvar-sentyabr aylarında ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş 35 milyon 189,4 min dollar dəyərində 2,377 min ədəd motorlu nəqliyyat vasitəsi idxal edilib və bu 8,5% azalma deməkdir. 90 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsinin alınmasına isə 14 milyon 198,51 min dollar xərclənib. Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 11 milyon 582,1 min dəyərində 129 ədəd motorlu nəqliyyat vasitəsi gətirilib.