Sənaye

BEA: 2025-ci ilə qədər neftin qiyməti 70 dollar/bareli keçə bilər

Qarşıdakı 20 ildə neftin dəyəri bir barel üçün 50 ABŞ dollarının üzərində qalacaq, baza ssenaridə isə 2025-ci ilədək bir barel üçün 71 dollara, 2030-cu ilədək 76 dollara və 2040-cı ilədək 85 dollara yüksələ bilər.

ENA.az xəbər verir ki, bu proqnozlar Beynəlxalq Energetika Agentliyinin (BEA) “World Energy Outlook 2020” hesabatında yer alıb.

BEA 2040-cı ilədək uzunmüddətli proqnozda pandemiyadan sonra enerji bazarlarının inkişafı üçün bir neçə ssenari nəzərdən keçirir. Belə ki, “Stated Policies Scenario” (STEPS) baza ssenarisində agentlik dünyanın 2021-ci ildə tədricən koronavirus pandemiyası üzərində nəzarəti ələ keçirə biləcəyini düşünür. Bu vəziyyətdə qlobal iqtisadiyyat elə 2021-ci ilin sonuna qədər böhrandan əvvəlki səviyyələrə qayıdacaq. Həmçinin bu ssenaridə ölkələr iqlim hədəfləri ilə bağlı başlatdıqlarını siyasətlərini həyata keçirməyə davam edirlər.

2021-ci ildə koronavirusa qalib gəlmək mümkün olmasa və iqtisadiyyatın bərpası gecikərsə (Delayed Recovery Scenario), neftin qiyməti bir qədər zəif artacaq: 2025-ci ilədək 59 dollar/barelə, 2040-cı ilədək isə 72 dollar/barelə çatacaq.

Bəşəriyyətin Paris sazişinin iqlim hədəflərinə çatmasını sürətləndirdiyi daha radikal ssenaridə (Sustainable Development Scenario) neftin qiymətinin 2025-ci ilədək 57 dollar/barel, 2040-cı ilədək isə 53 dollar/barelə bərabər olacağı proqnozlaşdırılır.

Uzunmüddətli perspektivdə qiymət artımları bazarda təklifin tarazlaşdırılması zərurətindən irəli gələcəkdir. İnvestisiyaları stimullaşdırmaq üçün isə önümüzdəki beş ildə neftin qiymətinin 70 dollar/barelə yüksəlməsi lazımdır. Bundan sonra qiymətlər bir barel üçün 75-85 ABŞ dolları aralığında sabitləşəcək”, - BEA hesabatında deyilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)