Qarabağ

Erməni əsgərdən etiraf: "200 nəfər gözümün qabağında öldü"

Erməni əsgər düşmən cəbhəsində baş verənlərlə bağlı rus müxbirlərə danışıb.

ENA.az xəbər verir ki, "Novaya Qazeta"nın müxbirləri işğal olunmuş Qarabağ bölgəsinə səfər edib və yerli sakinlər və hərbçilərlə söhbətləşiblər.

Qondarma rejimin "andiçmə mərasimi"nin keçirildiyi Şuşa Mədəniyyət Evinin Azərbaycan Ordusu tərəfindən darmadağın edilməsinin təfərrüatları məlum olub.

Yerli sakinlərin sözlərinə görə, hadisə zamanı binada 300 adamın iştirakı ilə yüksək çinli zabitlərin yığıncağı keçirilirmiş. Hərbçilər iz azdırmaq üçün xidməti müşavirəni mülki obyektdə keçirsələr də, "görünür, agentlər Azərbaycan tərəfə bu barədə məlumat sızdırıblar" və binaya raket zərbələri endirilib. Qondarma rejimin vəzifəliləri arasında xeyli ölən və yaralananlar olub.

Artur Ohannisyan adlı könüllü əsgərlə söhbət zamanı isə məlum olub ki, düşmən 18 yaşlı təcrübəsiz gənclərin əlinə avtomat verib cəbhəyə yollasa da, onları normal qaydada patronla, zirehli jiletlə də tam təmin edə bilmir. Zirehli texnika, tank çatışmazlığı var. Yemək üçün 4 kilometr atəş riskli zonadan keçmək lazım gəlir.

Cəbrayılın Azərbaycan tərəfindən işğaldan azad olunması barədə erməni əsgəri "yuxarılar"da satqınlar olduğunu bildirir və bu işdə onları günahlandırır:

"Elə mənim gözümün qabağında 200 nəfər öldü, orada itki minlərlədir. Belə davam etsə, azərbaycanlılar lap Ermənistanın içinə qədər irəliləyə bilərlər".

Laçında da ərzaq dükanı sahibi və mülki əhalidən bir neçə nəfərlə olan söhbətlərdən Qarabağdakı insanların savaş və gələcək haqda ümidsiz olduqları aydın sezilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)