Rövşən Nəcəf: Dövlət şirkətləri şəffaflıq və rəqabətlilik nümunəsi olmalıdır
“AzerGold” QSC-nin istiqraz emissiyası ölkənin kapital bazarında yeni səhifənin açılması, yeni dövrün başlamasıdır”.
Bunu “AzerGold”un istiqrazlarının hərraca çıxarılması ilə bağlı keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini, səhmdar cəmiyyətin Müşahidə Şurasının sədri Rövşən Nəcəf bildirib.
“İstiqrazların dövriyyəyə buraxılması səhmdar cəmiyyətinin maliyyələşmə mənbələrinin şaxələndirilməsinə, cəlb olunacaq vəsait hesabına yeni layihələrin reallaşdırılmasına, eyni zamanda ölkə vətəndaşlarına gəlirli investisiya imkanlarının yaradılmasına, yığıma yönəltdikləri vəsaitləri etibarlı maliyyə alətlərində saxlamasına imkan verir. Dövlətin son vaxtlar həyata keçirdiyi iqtisasi siyasət, ölkə prezidentinin bir sıra sərəncamları, o cümlədən Azərbaycan İnvestisiya Holdinqinin yaradılması dövlət müəssisələrinin üzərinə əlavə məsuliyyət və tələb qoyur. Dövlət şirkətləri şəffaflıq və rəqabətlilik nümunəsi olmalı, fəaliyyətlərində səmərəliliyi və milli maraqları üstün tutmalı, onların həyata keçirdiyi layihələrindən, investisiya qoyuluşlarından yaranan dəyər qat-qat artmalıdır. İstiqraz emissiyası həyata keçirən şirkətlər məhz bu meyarlara cavab verməlidir. Beynəlxalq təcrübədən də məlumdur ki, yalnız şəffaf və uğurla fəaliyyət göstərən şirkətlər istiqraz emissiyasını da uğurla həyata keçirə bilir”, - deyə o, qeyd edib.
“AzerGold”un emissiyası ilə özəl vəsaitlərin kapital bazarına cəlb olunmasının daha bir uğurlu nümunəsi yaranmış olur. Mən digər dövlət şirkətlərini, eləcə də özəl şirkətləri kapital bazarının imkanlarından, “Bakı Fond Birjası” QSC-nin təmin etdiyi maliyyə alətlərindən istifadə etməyə çağırıram”, - deyə R.Nəcəf əlavə edib.