Sosial iqtisadiyyat

ADB və Azərbaycan İnvestisiya Holdinqi arasında əməkdaşlıq müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Nariman Mannapbekovla görüşüb.

Bu barədə “ENA” Nazirliyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə nazir Azərbaycanın ADB-lə əməkdaşlığa önəm verdiyini, bankın ölkəmizdə bir sıra layihələrin reallaşdırılmasına dəstək göstərdiyini vurğulayıb: “İndiyədək ADB tərəfindən ölkəmizdə həyata keçirilən müxtəlif layihələrə 5,2 mlrd ABŞ dollarından çox kredit ayrılıb. Azərbaycan ADB-nin Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramında fəal iştirak edir.

Bankın hazırladığı “Azərbaycan: daha şaxələnmiş, dayanıqlı və əhatəli inkişafa doğru” tədqiqat sənədi ölkəmizin iqtisadi inkişafı üzrə bir sıra önəmli məsələləri əhatə edir. ADB-lə Layihə Hazırlığı Maliyyələşdirmə Aləti çərçivəsində, həmçinin yüksək texnologiya və innovasiya, təhsil, kiçik və orta biznesin inkişafı, dövlət-sahibkar tərəfdaşlığı, vergi siyasəti, irriqasiya və digər sahələr üzrə layihələrin icrası istiqamətində əməkdaşlıq faydalı ola bilər”.

Azərbaycanın inkişaf prioritetlərindən danışan Mikayıl Cabbarov iqtisadi islahatlar, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və rəqabət qabiliyyətliyinin artırılması tədbirləri barədə məlumat verib, ADB-lə İqtisadiyyat Nazirliliyi və Azərbaycan İnvestisiya Holdinqi arasında əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

ADB-nin Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edərək, Azərbaycan-ADB əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri, Bankın dəstəyi ilə həyata keçirilən layihələrin icrası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department