Statuslar

Doğru bildiyimiz yanlışlar

Yenə son dövrlərdə Bakıda avtomobillərin parklanması, sıxlıq, tıxac mövzuları gündəm olmağa başladı. Bu məsələlərlə bağlı mənim şəxsi düşüncələrim budur ki, bir çox doğruları yanlış, bir çox yanlışları isə doğru hesab edirik. Təbliğat və düşüncələrimizi də bu istiqamətlərdə formalaşdırırıq. Beləliklə, doğru bildiyimiz yanlışlar:

- Bakı şəhərində avtomobil həddindən artıq çoxdur. Yanlış fikirdir. Bakıda rəsmi statistikaya görə 2.3 milyon nəfər yaşayır. Qeydiyyatsız yaşayanları nəzərə alsaq maksimum 2.5 milyon nəfər. Ölkədə 1.4 milyon avtomobil qeydiyyatdan keçib ki, bunun da 1,05 milyonu (1 milyon 50 min) Bakı şəhərində qeydiyyatdadır. İctimai nəqliyyat, yük maşınları, şirkətlərin balansında olan avtomobilləri çıxdıqda əhalinin sərəncamında təqribən 700 min minik avtomobili qalır. Yəni, hər hər 3.3 nəfərə 1 avtomobil düşür. Avropanın bir sıra böyük, xüsusilə paytaxt şəhərlərində avtomobil sayı əhalinin sayından çoxdur. Bir rəqəmlə kifayətlənəcəm. Fransada 2019-cu ilin sonuna qeydiyyata alınmış avtomobil sayı 32.03 milyon ədəddir. Əhali isə 65.3 milyon nəfər. (Azərbaycanda 10 milyon əhali, 1,45 milyon avtomobil). Onu da qeyd edim ki, paytaxtlarda bir çox hallarda avtomobil sayı əhalinin sayından çox olur. Bu da dövlət idarələrinin, biznesin paytaxtda olması ilə bağlıdır. Onların balansında olan avtomobillərin sayı kifayət qədər çoxdur. Mən burada çox xırdalıqlara getmədim. Məsələn, Bakıda qeydiyyatda olan avtomobillərin hamısı Bakıda sürülmür. Həmin avtomobillərin hamısı minik avtombili deyil və sair. Hər bir halda nəticə budur ki, Bakı şəhərində avtomobil sayı əslində normadan ən yaxşı halda 2 dəfə, normalda isə 3 dəfə azdır.

- Bakıda əhali çoxdur. Şəhər tab gətirmir. Yanlış fikirdir. Bakı şəhəri və ətrafı (qısası 11 rayonu) ərazi baxımından 10 milyon nəfər əhalinin normal yaşamasına, yerləşməsinə imkan verir. (Bu sahənin mütəxəssisləri təsdiq edə bilər). Vurğulayıram ki, ərazi baxımından. Bakı şəhərinin mərkəzində sıxlıq çoxdur və onsuz da çox olmayan (yuxarıda qeyd olundu) avtomobillər üçün normal parklanma yerləri və planlaşdırma olmadığı (bunun müxtəlif çıxış yolları və təcrübələr əlbəttə mövcuddur), məskunlaşma konsentrasiyası olduğu üçün şəhərin böyüməsi ağrılı olmuşdur. Mərkəzə daha çox güc düşdüyü və bütün yollar da mərkəzdən keçdiyi üçün kilidlənmə yaranmışdır. İndidən bircə məsələni qeyd edim. Azadlıq prospektindəki yeni tikilələri və mənzil saylarını həmin prospektin imkanları ilə müqayisə edərək və 10 ildən sonra oradakı tikililərdə məskunlaşmanın 80% olacağını nəzərə alaraq stres testlər aparsaq həmin prospektdə yaranacaq yüklənmənin və kilidlənmənin qarşısının alınması üçün genişlənməsinin və ya əlavə tədbirlər görülməsi vacibliyinin qaçılmaz olacağı görünür.

- Tıxacın səbəbi avtomobillərin çoxluğudur. Yanlış fikirdir. Əhalinin sayına görə avtomobillərin sayının əslində normadan az olmasını yuxarıda qeyd etdim. Tıxacın səbəbi əslində şəhərdə yolların sahəsinin şəhərin ərazisinə nisbətdə az olmasıdır. Normal olaraq bu nisbət 30-35% olsa da, Bakının xüsusilə mərkəzi rayonlarında bu nisbət aşağıdır. Mərkəzi hissələrdə əlavə yol imkanları yaratmaq məhdud olsa da, yeni tikili tikmək imkanları məhdud olmamışdır. Bu da yolların yüklənməsinə gətirib çıxartmışdır. Digər məsələ isə, tikilən yeni binalarda mənzil sayı ilə həmin binanın avtomobilləri üçün tikilən yeraltı və yerüstü dayanacaqlardakı avtomobil sayı arasındakı nisbətdir. Yəni, 200 mənzilli bina cəmi 40-50 avtobil üçün yeraltı qaraj, maksimum 50-60 avtomobil (ən yaxşı halda) yerüstü qaraj (və ya yer) hazırlayır. Qalan avtomobillər isə yollarda saxlanır.

Bütün bunların əsas səbəblərindən biri heç bir layihədə risklərin ölçülməməsidir. Ümumiyyətlə, risklərin ölçülməsi, idarə edilməsinə istər dövlət, istərsə də özəl qurumlarda (ola bilər ki, 5-10% istisna vardır) çox laqeyd yanaşılır. Hətta bir çox qurumlarda risklərin idarə edilməsi, statistika, analiz demək olar ki, ya yoxdur, ya da formaldır. Ya da, risk mütəxəssislərinin fikirləri nəzərə alınmır. Bir çox layihələrin əsaslandırılması isə demək olar ki, aşağı səviyyədədir. Bu məsələnin aktuallığı və vacibliyi getdikcə artmaqdadır. Ölkə Prezidenti də öz çıxışlarında dəfələrlə məsələni öz çıxışlarında vurğulayıb, müxtəlif layihələrin düzgün əsaslandırılmaması ilə bağlı iradlarını bildirib.

Digər bir məsələ isə düzgün diaqnozun olmamasıdır. Əgər biz problemləri həll etmək istəyiriksə məsələyə elmi nöqteyi-nəzərdən, qəbul olunmuş standartlar baxımından yanaşmalıyıq ki, düzgün də həll yolları tapaq. Problemin kökünü tapmaq əvəzinə əhali və avtomobil çoxdur demək məncə çıxış yolu deyil. Çünki, hər ikisinin artımı həm gözlənilən, həm də qarşısıalınmaz prosesdir.

P.S. Qeyd olunan məsələlər parklanma probleminin də həllində vacib məqamlardır. Bu sahədə məsələnin səmərəli həlli üçün bir çox təcrübələr mövcuddur. Tətbiq olunacağı ümidi ilə..

Elman Sadıqov, iqtisadçı-ekspert

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department