Tramp "Şimal axını-2" layihəsindən imtinaya tərəfdar çıxdı: "Almaniyanı Rusiyadan qorumalıyıq"
ABŞ prezidenti Donald Tramp bazar ertəsi Rus müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi ilə əlaqədar hadisədən sonra Şimal axını-2 qaz axını kəmərindən imtina fikrini dəstəklədiyini söylədi.
Tramp qəzəblə qeyd edib ki, "Almaniya Rusiyaya milyardlarla dollar ödəyəcəyi bir müqavilə bağlayır və eyni zamanda Almaniyanı Rusiyadan biz qorumalıyıq".
Dünən Alman kansleri Angela Merkelin Almaniyanın "Şimal axını-2" layihəsindəki mövqeyini Navalnı ilə əlaqədar vəziyyətə bağladığını istisna etməyib. Bununla belə Avropa Birliyi daxilində ortaq bir mövqenin ifadə edilməsi gözlənilir.
Xatırladaq ki, Navalnı avqustun 20-də Tomskdan Moskvaya uçarkən xəstələnib. Təyyarə Omsk hava limanına təcili eniş edib. Müxalifətçi komada Omsk xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Avqustun 22-də isə Berlinə aparılaraq, müalicəsi orada davam edib. Rusiya səlahiyyətliləri, Navalnının koma səbəbləri ilə bağlı qəti nəticələr çıxarmağın tez olduğunu söyləyiblər. Sentyabrın 7-də isə klinika Navalnının süni komadan çıxarıldığını və vəziyyətinin yaxşılaşdığını bildirib.
2 sentyabrda Alman səlahiyyətliləri, Bundesver laboratoriyasına istinad edərək, Navalnının orqanizmində "Noviçok" qrupundan zəhər izlərinin tapıldığını elan etdilər. Bu zəhər ilk dəfə 2018-ci ilin martında GRU-nun keçmiş əməkdaşı Sergey Skripal və qızı Yuliyanın bədənində İngiltərədəki zəhərlənmə zamanı tapılmışdı. İngilis səlahiyyətliləri Skripallara edilən sui-qəsddə Rusiyanı günahlandırdı. Moskva isə bu ittihamları rədd edir.
Almaniya kansleri Angela Merkel Rusiya hökumətini Navalnı ilə bağlı vəziyyətlə bağlı açıqlamalar verməyə çağırıb. Onun fikrincə, müxalifətçi bir cinayətin qurbanı olub və onun bədənindəki "Noviçok" qrupunun zəhəri dəqiq müəyyən edilib.
Öz növbəsində, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov, Rusiya tərəfinin Navalnı ətrafındakı vəziyyəti aydınlaşdırmaq üçün Almaniya ilə hərtərəfli əməkdaşlığa hazır olduğunu bildirib. Lakin Berlinin əvvəllər göndərilən rəsmi sorğulara cavab almadığını qeyd edib. Peskov, "Xəstəni Berlinə aparmadan əvvəl, bütün beynəlxalq standartlara uyğun olaraq, ölkəmizdə bütöv növ analiz kompleksi aparıldığını, zəhərli maddələrin aşkarlanmadığını", vurğulayıb.