Ölkəmizə hibrid avtomobillərin gətirilməsində kimlər maraqlı deyil? - Hamı razıdır, gömrük NARAZI
Hazırda dünyada hibrid avtomobillərə və elektromobillərə olan maraq ənənəvi avtomobilləri üstələyir. Bəs Azərbaycanda da bu cür avtomobillərin geniş yayılması üçün hansı addımlar atılmalıdır?
ENA.az xəbər verir ki, mövzu ilə bağlı ted.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, hibrid avtomobillərlə bağlı 2 ildir təkliflər verilir: "Müəyyən mərhələlərdə müzakirə olunsa da, Dövlət Gömrük Komitəsi məsələyə dirəniş göstərir. Hibrid avtomobillərinin gömrük rüsumundan azad edilmə qaydasının tətbiqinə imkan vermir. Əsas dirəniş bundadır. Elektromobillərə isə icazə verilib, elektromobillərə heç bir gömrük rüsumu tələb olunmur. Yalnız avtomobilin qiymətinin 15 faizi ödənilməklə istənilən elektromobili ölkəyə gətirmək olar".
Elməddin Muradlı bildirdi ki, amma elektromobillər üçün maddi-texniki baza ölkəmizdə inkşaf etməyib: "Ona tam güvən, inamın olmaması, servis xidməti və elektriklə doldurma məntələrinin yoxluğu insanlarda çəkingənlik yaradır. Amma hibrid avtomobillərə qorxu ilə yanaşmırlar. Çünki hibrid həm benzinlə, həm elektriklə işləyir və sərfiyyat aşağıdır.
İstənilən halda şəhər içi ekoloji cəhətdən təmizlik məsələsində hibrid avtomobillərinin rolu böyükdür. Dünyanın bir çox ölkələri hibrid və elektromobillər üçün geniş imkanlar yaradır, infrastrukturun qurulması üçün maliyyə vəsaiti ayırır. Dövlət səviyyəsində dəstəklənir, nazirlərdən ibarət komissiya yaradılır. Amma Azərbaycanda, hətta ölkəyə gətirilməsində belə, heç bir güzəşt tətbiq edilmir. Hansı ki, hibridlər səssiz avtomobildir, yanacağı az istifadə edir, əsasən elektrik mühərrikindən qaynaqlanır, ekonom avtomobildir.
Amma Gömrük Komitəsi düşünür ki, kimsə xeyir qazanacaq, ətraf mühit qorunacaq, ekologiya az zərər görəcək, bu da belə çıxır ki, onlara sərf etmir. Ona görə də bu avtomobillərə dirəniş tələb olunur".
O bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası, İqtisadiyyat Nazirliyi buna razıdı, bir tək Gömrük Komitəsi narazıdır: "Nədənsə onlar heç bir güzəştə getmək istəmirlər. Amma bir çox ölkələrdə, məsələn, Gürcüstanda hibrid avtomobillərin gömrük rüsumlarına 50 faiz güzəşt var. Hətta bəzi ölkələr 30% rüsum tələb edir, 70%-ə qədər güzəşt tətbiq edir. Hibrid avtomobillər həm də yeni avtomobillərdir, ili təzə olduğu üçün işlənmişi belə təzə hesab olunur. Bu avtomobillər az benzin işlətdiyi üçün sürücünün cibinə xeyirli olacaq, ətraf mühiti az çirkləndirəcək. Belə olan halda nədənsə Gömrük Komitəsinin dirəniş göstərməsi sual altında qalır".
"Düşünürəm ki, bu güzəşti gec-tez biz də etməliyik. Çünki nəzərə almaq lazımdır ki, 2018-ci ilin dekabr ayında prezident İlham Əliyev tərəfindən yol hərəkətinin təhlükəsizliyinə dair beşillik Dövlət Proqramı təsdiq edilib. Bu Dövlət Proqramında da ekoloji təmiz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi və bunun stimullaşdırılması məsələsi öz əksini tapır. Hər bir halda həmin dövlət proqramını əsas tutaraq Gömrük Komitəsi İqtisadiyyat Nazirliyi ilə birgə güzəştlər paketi təqdim etməlidir ki, Nazirlər Kabineti bunu qəbul etsin. Beləliklə, Azərbaycana həm yeni, həm də ekoloji təmiz avtomobillər gəlsin", - deyə ekspert qeyd etdi.