Sığortaçıların ödənişləri 44,3% artıb
2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda sığortaçıların ümumi yığımları 467 milyon 482 min 700 manat təşkil edib. Bu isə keçən ilin eyni dövrü ilə müqayisədə 10.5% çoxdur.
ENA.az xə bər verir ki, bu dövrdə könüllü sığorta növləri üzrə sığortaçıların yığımları 325 milyon 33,8 min manat olub və bu sığorta üzrə bütün yığımların 69,5%-ni təşkil edib. Könüllü sığorta üzrə yığımların həcmindəki artım isə 13,8% təşkil edib. Eyni zamanda, həyat sığortası üzrə sığorta haqları 158 milyon 901 min manat, qeyri-həyat sığorta növləri üzrə mükafatların həcmi isə 166 milyon 132,7 min manat olub. Daha çox artım - 18,7% həyat sığortasında qeydə alınıb.
Yanvar-iyul aylarında icbari sığorta növləri üzrə toplana sığorta haqlarının həcmi 3,7% artaraq 142 milyon 448,9 min manat təşkil edib.
2020-ci ilin yanvar-iyul aylarında sığortaçılar sığorta hadisələri üçün kompensasiya olaraq 223 milyon 196 min manat yönəldiblər ki, bu da ötən ilin 7 ayı üzrə göstəricidən 44,3% çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə sığortaçıların ödənişləri 187 milyon 808,3 min manat olub ki, bu da bazardakı bütün kompensasiyaların 84,1% -ni təşkil edib. Kompensasiyalrın həcmindəki artım isə 70,8% təşkil edir. Eyni zamanda, həyat sığortası üzrə ödənişlər 2,2 dəfə artaraq 137 milyon 148,5 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlər isə 9% aratarq 50 milyon 659,9 min manat təşkil edib.
İcbari sığorta növləri üzrə ödənişlər 2020-ci ilin yanvar-iyul aylarında 35 milyon 387,7 min manat olub. Burada qeydə alınan 20,7% azalmada isə pandemiya ilə bağlı karantin şəraitində avtomobil qəzalarının azalmasının böyük rolu danılmazdır.
Qeyd edək ki, 2020-ci il iyul ayının sonuna Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət göstərir.