Hadisə

Şirkət rəhbəri 50-yə yaxın şəxsi ABŞ-a aparacağını deyərək aldadıb

Karantin zamanı 50-yə yaxın şəxsi ABŞ-a aparacağı ilə aldadan şirkət rəhbəri haqda hüquq-mühafizə orqanlarına şikayət olunub.

ENA.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən vətəndaş Abbas Yaqubov bildirib ki, sosial şəbəkədə “Smart Business Group” adlı şirkətin fəaliyyəti ilə tanış olub: “Ofisləri Caspian Plaza”da 7-ci mərtəbə yerləşirdi. Şirkətin rəhbəri özünü bizə “Azər Əliyev” kimi təqdim etsə də, sonradan onun Xəlilov Anar Tapdıq oğlu olduğunu öyrəndik. 

Martın əvvəli qeydiyyatdan keçdim. “Work and Travel” layihəsi ilə ABŞ-a gedib oteldə işləyəcəkdim. Buna görə ümumi 5 min manat ödəməli idi, mart ayında 1600, aprelin 18-də də əlavə 1600 manat ödədim. Karantin vaxtı hər yer, sərhədlər və uçuşlar bağlı olsa da, Anar Xəlilov deyirdi ki, ABŞ səfirliyi tezliklə uçuşların bərpa olunacağını deyib. Deyirdi, sərhədlər açılmasa da onun tanışları var, həll edəcək. Pulu verəndən sonra gördüm məsələ alınmır, müqaviləni ləğv edib pulumu geri istədim. Amma iki ay ərzində müxtəlif vədlər verib pulu qaytarmadı. İyulun sonunda bizə sosial şəbəkədə səsli mesaj göndərərək dedi ki, “mən xaricdəyəm, hara istəyirsiniz, şikayət edin”. Mən tək deyiləm, təhsil üçün getmək istəyənlər də var idi. Bəzi vətəndaşlardan 10 min manatdan çox pul alıb. Bizim hesabımıza görə, 100 min manatdan çox pul “atıb”.

A.Yaqubov qeyd edib ki, həmin şəxslə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər: “Biz bundan sonra 30-a yaxın zərərçəkmiş Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdik. Amma hələ də müraciətimizlə bağlı araşdırma aparılmır, heç bir iş görülmür. Polis İdarəsində bizə dedilər ki, həmin şəxslə bağlı 50-yə yaxın şikayət var”.

 



Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)