Moskvada ermənilərin hücumlarına məruz qalan azərbaycanlılar Sərkisovdan pul almaq istəmir
İyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində başlayan, 3 gün davam edən döyüşlərdən sonra Rusiya şəhərlərində azərbaycanlılarla ermənilər arasında baş vermiş toqquşmalarda zərər çəkənlər diaspor təşkilatlarından qarşılıqlı olaraq kompensasiya almaqdan imtina edir.
“Reso Garantiya” şirkətinin sahibi, erməni milyarder Sergey Sərkisov Moskvada ermənilərin azərbaycanlıların obyektlərinə hücumlarına görə dəyən ziyanı ödəməyə hazır olduğunu bəyan etmişdi. Onun müraciəti “Rusiya erməniləri Assambleyası” adından yayılmışdı.
Lakin bu günə qədər heç bir azərbaycanlı sahibkar ermənilərin hücumu nəticəsində ona dəymiş ziyanın ödənilməsi üçün həmin təşkilata müraciət etməyib. “Hələlik azərbaycanlılardan heç kim bizə müraciət etməyib ki, onlara dəyən ziyanı ödəyək. Lakin biz buna hazırıq. Biz zərər çəkmiş ermənilərə də kompensasiya ödəməyə hazırıq. Bizə müraciət edə bilərlər, biz bu müraciətlərə baxıb qərar qəbul edərik”,-erməni diaspor təşkilatından “Kavkazskiy uzel”ə belə deyiblər.
Qeyd edək ki, Rusiyadakı azərbaycanlı biznesmenlərdən heç kim ermənilərə dəyən ziyanı ödəyə biləcəyini açıqlamamışdı. Heç ermənilər də azərbaycanlı biznesmenlərdən pul almaq niyyətində deyil. Moskvanın Xovanka küçəsindəki ərzaq mağazasının sahibi, toqquşmalarda mağazası dağılan Robert deyir ki, ona xeyli ziyan dəyib. “Amma heç bir halda azərbaycanlı sahibkarlardan yardım almaram. Mənə onların pulları lazım deyil. Hər şeyi öz pulumla düzəltdim”,-o deyib.
Moskvadakı azərbaycanlı icmasının nümayəndəsi Şamil Tağıyev isə bildirib ki, onlara kömək üçün cəmi 2 azərbaycanlı müraciət edib. Bunlardan biri “Min bir gecə” kafesinin sahibi, digəri isə Ramensk rayonunda qarpız satandır. “O, hazırda xəstəxanadadır. Kafe sahibi isə danışmaqdan imtina edir”,-Tağıyev deyib.
Onun sözlərinə görə, həmin qarpızsatan azərbaycanlını döyən ermənini tutsalar da daha sonra sərbəst buraxıblar. “Hansısa əlaqələri olub ki, buraxıblar. İndi biz prokurorluğa müraciət etmişik ki, məsələ araşdırılsın, onu hansı əsasla buraxıblar, buna cavab verilsin”,-diaspor nümayəndəsi bildirib.
Ş.Tağıyevin dediyinə görə, ermənilərlə toqquşmalara görə Moskvada cəmi 11 azərbaycanlı tutulub. Onların arasında Azərbaycan vətəndaşları da var, Rusiya pasportu daşıyanlar da. “Hazırda biz onlara vəkil xidməti təşkil edirik ki, günahsız yerə cəza almasınlar”,-o deyib