“Stadler” zavod inşası ilə bağlı Gürcüstan hökuməti ilə danışıqları bərpa edib
İsveçrənin “Stadler” şirkətinin Gürcüstanda vaqon istehsalı və təmiri zavodu inşa etməsi ilə bağlı danışıqlar bərpa olunub.
ENA.az xəbər verir ki, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava şirkətin prezidenti Peter Şpulerlə görüşüb.
Nazir bildirib ki, Gürcüstan “Stadler” vaqonları alıb və şirkət ölkədə bir sıra tenderlərdə iştirak edib: “Hazırda isə əməkdaşlığın genişləndirilməsi və Gürcüstanda istehsalın yaradılması məsələsinin müzakirəsinə başlamaq mümkündür”.
N.Turnava qeyd edib ki, şirkət zavodun inşası ilə bağlı təlimlər və hazırlıq işlərinə başlamağa razılıq verib: “Ümid edirik ki, bizim dəstəyimizlə Gürcüstanda “Stadler”in zavodu nəhayət inşa olunacaq”.
Qeyd edək ki, “Stadler” şirkəti Gürcüstana investisiya yatırmaqla bağlı marağını 2017-ci ildə ifadə edib. Bununla bağlı şirkət və Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi arasında memorandum imzalanmışdı. Həmin vaxt zavodun tikintisi üçün Tbilisi ətrafında 3 mümkün ərazi nəzərdən keçirilirdi.