Bakı meriyası vergi borcu olan 4 şirkətə 6 milyon manatlıq tender verib
Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Təmir və Tikinti” MMC paytaxtın Xətai rayonundakı 263 nömrəli orta məktəbin üçmərtəbəli korpusunun bərpa-gücləndirilməsi, ikimərtəbəli korpusun və birmərtəbəli keçidlərin sökülərək yeni korpusların (idman və akt zalı ilə) inşası (1), Nəsimi rayonundakı 35 nömrəli orta məktəbin köhnə korpusunun sökülüb yenidən inşası (2), Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 307 saylı orta məktəb üçün əlavə 15 sinif otağının tikintisi (3) və Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 87 saylı orta məktəbin köhnə korpusunun sökülərək 1 752 şagird yerlik yeni korpusların tikintisi (4) ilə bağlı elan etdiyi açıq tenderlərə yekun vurub.
ENA.az xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “TVM İnşaat”, “Kəmər İnşaat”, “Planet Construction” və “GM Construction” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 1 496 017 manat, 1 317 301 manat, 709 336 manat və 2 494 061 manat, ümumilikdə 6 016 075 manat ödəniləcək.
Maraqlıdır ki, 4 şirkətin hamısının vergi borcu var. Belə ki, “TVM İnşaat” dövlət büdcəsinə 66 718 manat, “Kəmər İnşaat” 1 146 manat, “Planet Construction” 669 manat, “GM Construction” isə 5 manat borcludur.