İnşaat və əmlak

Xırdalanda daha bir "novostroyka"ya - "KUPÇA" PAYLANDI

Noyabrın 30-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Xırdalanda növbəti çıxarış kampaniyası keçirib.

"BI" xəbər verir ki, kampaniyanın bu dəfəki ünvanı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yeni inşa edilmiş çoxmərtəbəli yaşayış binası olub.

Bina sakinlərinə yaşadıqları ünvanda mənzillərinə dair çıxarışlar təqdim olunub. Kampaniya çərçivəsində mobil qeydiyyat ofisləri vasitəsi ilə bir girişli 16 mərtəbəli binada yaşayan 40-a yaxın mənzil sahibinə çıxarışlar verilib. Həmçinin 60-a yaxın sakindən çıxarışla əvəz olunması üçün ilkin mülkiyyət sənədləri qəbul edildi. Kampaniya çərçivəsində vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı ilə bağlı proseduralar və qanunvericiliyin tələbləri ilə bağlı  hüquqi yardımlarda göstərildi.

Qeyd edilməlidir ki, respublika üzrə yeni inşa edilmiş çoxmərtəbəli binalarda mənzillərə dair çıxarışların verilməsi çox sadə proseduralarla həyata keçirilir. Hər hansı belə bir binanın istismara qəbul icazəsi olduğu təqdirdə, mənzil sahibləri tikinti kooperativi ilə imzalanmış protokoldan çıxarışı və maliyyə arayışını reyestr xidmətinin ərazi ofislərinə təqdim etməklə çıxarışlarını ala bilərlər. Həmçinin, artıq hər hansı bir yeni inşa edilmiş binalarda mənzil alarkən, öncədən elektron qaydada bu binada yerləşən mənzillərin çıxarışının olmasını öyrənmək imkanları yaradılıb.

Bu məlumatları çox rahat prosedurla komitənin www.e-emdk.gov.az elektron xidmətlər portalından əldə etmək mümkündür.  Belə kampaniyaların vətəndaşların ünvanlarında keçirilməsi onlar üçün daha optimal şərait yaradır. Çıxarışların ünvanlarda təqdim olunması insanlar üçün gündəlik məişət və işgüzar fəaliyyətini yerinə yetirməsi üçün əlavə zaman qazandırır.

Ümumilikdə isə, paytaxtla yanaşı ölkənin digər şəhərlərində yerləşən 30-a yaxın yeni inşa edilmiş çoxmərtəbəli yaşayış binalarında belə çıxarış kampaniyaları keçirilmiş, vətəndaşlara ünvanlarda çıxarışlar təqdim edilmişdir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department