FED faiz qərarını açıqladı
Federal Ehtiyat Sistemi (Fed) yekdilliklə faiz nisbətinin sabit saxlanması haqqında qərar verib. FED bu çətin dövrdə ABŞ iqtisadiyyatını dəstəkləmək üçün bütün vasitələrindən istifadə etmək, bununla da maksimum məşğulluq və qiymət sabitliyi hədəflərini dəstəklədiyini açıqlayıb.
"İqtisadi fəallıq və məşğulluq son aylarda bir qədər yaxşılaşdı, lakin yeni il səviyyələrindən xeyli aşağıdır", - deyə qərarda vurğulanır. COVİD-19 epidemiyasının ABŞ və dünyada iqtisadi problemlər yaratdığına işarə olunub: "İqtisadiyyatın qarşısındakı yol virusun gedişatından asılı olacaq".
ENA.az xəbər verir ki, açıqlamada bunlar qeyd edilib:
"Davam edən ictimai səhiyyə böhranı qısa müddətdə iqtisadi fəaliyyətə, məşğulluq və inflyasiyaya ağır təzyiq göstərəcək və orta müddətli dövrdə iqtisadi proqnoz üçün ciddi risklər yaradacaq".
Bu fonda FED hədəf aralığını 0-25 faiz səviyyəsində saxlamağa qərar verib. Açıqlamada iqtisadi vəziyyətlə əlaqədar inkişafları, o cümlədən səhiyyə ilə bağlı məlumatları izləməyə davam edəcəkləri və iqtisadiyyatı dəstəkləmək üçün müvafiq vasitələrdən istifadə olunacağı bildirilib.
Ev təsərrüfatları və müəssisələr üçün kredit axınını dəstəkləmək üçün FED önümüzdəki aylarda xəzinə istiqrazları və ipotekaya dəstək verən qiymətli kağız alışlarını artıracağını və geniş miqyaslı repo əməliyyatlarının davam edəcəyini qeyd edib.
FED, həmçinin xarici mərkəzi banklar üçün müvəqqəti dollar dəyişdirmə xətləri və repo imkanlarını gələn il martın 31-nə qədər uzatdığını açıqlayıb.