Həyat sığortası üzrə ödənişlər 2,7 dəfə artıb
2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta xidmətləri üzrə 400 milyon 959 min manat sığorta haqqı toplanıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, könüllü sığorta növləri üzrə şirkətlərə 273 milyon 354,3 min manat ödənilib ki, bu da 13,1% artım deməkdir. Könüllü sığorta növləri üzrə xidmətlər yüksək olduğundan bu portfel bütün sığorta haqlarının 68,2%-ni təşkil edib.
Həyat sığortası üzrə artım dinamikası davam edib və 19,6% yüksələrək sığorta haqları 131 milyon 499,3 min manata çatıb. Qeyri-həyat sığortası üzrə sığorta haqları isə 7,7% artaraq 142 milyon 15,4 min manat təşkil edib.
Bu ilin yanvar-iyun aylarında icbari sığorta növləri üzrə sığorta haqları 6,6% çoxalıb və 127 milyon 444,3 min manat olub.
Həyatın yaşam sığortası 112 milyon 74,8 min manat, könüllü tibbi sığorta 71 milyon 531,8 min manat və AVSMMİS üzrə sığorta haqqları 40 milyon 167,8 min manata qalxıb. Hər üç sığorta növü üzrə toplanan ödənişlər sığortaçıların ümumi daxilolmalarının 55,8%-ni tutub.
Hesabat dövründə sığorta hadisələri üzrə zərərçəkənlərə 184 milyon 842,7 min manat ödənilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,2% artıqdır.
Eyni zamanda könüllü sığorta növləri üzrə ödənişlər 84,7% artaraq 153 milyon 829,9 min manat olub. Bu göstərici bazar üzrə bütün ödənişlərin 84,7%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər isə 2,7 dəfə yüksələrək 108 milyon 316,4 min manata çatıb. Qeyri-həyat sığortası üzrə ödənişlər 5,5% çoxalaraq 45 milyon 513,5 min manat təşkil edib.
Yanvar-iyun aylarında icbari sığorta növləri üzrə ödənişlər 31 milyon 12,7 min manat (azalma 13,5%) təşkil edib.
Hesabat dövründə sığortaçılar həyatın yaşam sığortası (107 milyon 766,5 min manat), könüllü tibbi sığorta 35 milyon 488,7 min manat) və AVSMMİS (25 milyon 303,3 min manat) üzrə daha çox ödəniş ediblər. Ümumilikdə, bu üç sığorta növü üzrə ödənişlər hesabat dövründə bazar üzrə bütün ödənişlərin 91,2%-ni təşkil edib.
2020-ci ilin iyun ayının sonuna Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.