Bank

Bank sektorunun əsas göstəriciləri - RƏSMİ

1 iyul 2020-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 30 milyard 541 milyon manat təşkil edir. Halbuki, 1 yanvar 2020-ci il tarixinə bankların aktivləri 32 milyard 723 milyon manat təşkil edirdi. Başqa sözlə, yanvar-iyun aylarında bankların aktivləri 6,7% azalıb.

ENA.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, hesabat dövrünün sonuna bankların kredit portfeli 14 milyard 169,8 milyon manat olub ki, bu ötən altı ayda 4,9% azalma deməkdir. 

2020-ci il, 1 iyul tarixinə Azərbaycanda bankların ümumi kapitallaşması 0,4% artaraq 4 milyard 603 milyon manat olub. Öhdəliklər isə  7,8% azalaraq 25 milyard 938 milyon manat təşkil edib. Eyni zamanda, bankların Mərkəzi Bank-dan aldıqları mərkəzləşdirilmiş kreditlərin həcmi 17,3% artaraq  382,4 milyon manata yüksəlib. 

Bu ilin birinci yarısının yekununda banklarda depozit portfeli 9,1% kiçilərək 19 milyard 382 milyon manat olub. Əhalinin əmanətləri isə 10,8% azalaraq 7 milyard 592 milyon manata düşüb. 

AMB-nin məlumatına görə, yanvar-iyun aylarında Azərbaycanda bankların ümumi xalis mənfəəti 372 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 14,2% azdır.

2020-ci ilin yanvar-iyun aylarında bankların vergi ödənilənədək ümumi mənfəəti isə 3,2% azalaraq 453 milyon manat, mənfəət vergisi üzrə ödənişlər 2,4 dəfə artaraq 80,9 milyon manat təşkil edib.

Qeyd edək ki, 1 iyul 2020-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.

Bankların filial şəbəkəsi 2019-cu ilin sonu müqayisədə 13,6% azalaraq 440-a düşüb. Şöbələrin sayı isə 12% azalaraq 117-yə enib. 

Azərbaycanın bank sektorunda 18,4 min nəfər çalışır ki, bu 2019-cu ilin sonuna olan göstəricidən 5,4% azdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)